RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.01.2019]

İnstitutda 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə əvvəlcə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən İnstitutun elmi-işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva 20 Yanvar faciəsinin xronologiyası və nəticələri haqqında danışarkən bildirib ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. R.Mehdiyeva qeyd edib ki, iyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş sözügedən cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Daha sonra çıxış edən “Ətraf Mühitin Radiasiya Kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Müslüm Qurbanov, həmçinin “Yarımkeçiricilərin Radiasiya Fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov və digər natiqlər 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşüblər.

Tədbirdə milli azadlıq mübarizəsinin qəhrəmanları, yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində örnək olan şəhidlərimizə Allahdan rəhmət dilənmiş, igid Vətən övladlarının fədakarlığının və əziz xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyi vurğulanmışdır.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.