RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.02.2019]

Elmi şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Şura üzvlərini Gündəlikdəki məsələlərlə tanış edib.

İclasda əvvəlcə AMEA-nın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması haqqında məsələyə baxılıb. Sözügedən məsələ ilə bağlı çıxış edən O.Səmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanını diqqətə çatdırıb. Qeyd edib ki, Fərmanın 7.2. bəndinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elmi, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

O.Səmədov onu da bildirib ki, Respublika üzrə elmi infrastrukturun optimallaşdırılması, onun idarə edilməsinin təkmilləşdirilməsi, nəticədə elmin cəmiyyətin sosial – iqtisadi inkişafında rolunun artırılması istiqamətində olduqca mühüm əhəmiyyətə malik olan, elmi fəaliyyət sahəsində köklü islahatların həyata keçirilməsinə əlverişli şərait və imkanlar yaradan sözügedən Fərman elmi qurumlar, xüsusilə də AMEA qarşısında mühüm vəzifələr müəyyənləşdirir. Belə ki, hər bir elmi müəssisə, şöbə, laboratoriya qarşısında duran vəzifələrə yenidən baxılmalı, onların araşdırdıqları problemlər və prioritetləri biliklər cəmiyyəti quruculuğuna, müasir dünyanın çağırışlarına, həmçinin ölkənin sosial – iqtisadi və mədəni – mənəvi inkişaf tendensiyalarına uyğun olaraq yenidən müəyyənləşdirilməlidir.

Məsələ ətrafında geniş müzakirə aparılıb və İnstitutun struktur rəhbərlərinə tapşırılıb ki, sözügedən Fərmanın icrası ilə bağlı qarşıda duran vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə təkliflər hazırlansın.

Daha sonra Gündəlikdə yer alan 2019-2023 – cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının icrası və AMEA Rəyasət Heyətinin mükafatına elan edilmiş müsabiqə haqqında məsələlərə baxılıb.

İclasın sonunda AMEA-nın www.science.gov.az saytında RPİ haqqında məlumat bazasının yenilənməsi və İnstitut üzrə əmək intizamına riayət edilməsi haqqında Gündəlikdəki məsələlər ətrafında müzakirə aparılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.