RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.03.2019]

İnstitutda “Elm günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 27 Mart “Elm günü”nə həsr olunmuş seminar-mühazirə keçirilib.

Seminarda giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov “Elm günü”nün keçirilməsi ilə əlaqədar ölkə prezidentinin Sərəncamını şərh edib və bu gün münasibəti ilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 17 yanvar 2019-cu il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş Tədbirlər Planı haqqında seminar iştirakçılarına məlumat verib.

Sonra sözügedən Tədbirlər Planına uyğun olaraq “Nanomateriallar, onların texnikada tətbiq sahələri” mövzusuna həsr olunan seminar-mühazirədə çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Rəvan Mehdiyeva müasir dövrdə elm və texnikanın inkişafının yeni və yüksək keyfiyyətli material və maddələrin tətbiqi ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, son illərdə nanomateriallar, onların əsasında nano-texnologiyalar, yüksək texniki və davamlılıq göstəricilərinə malik yeni material və maddələrin alınmasına yönəlmiş elmi-texniki proqramlar böyük əhəmiyyət kəsb edir.

Natiq vurğulayıb ki, Radiasiya Problemləri İnstitutunun tədqiqat sahələrindən birinin də nanomaterialların alınması, radiasiya proseslərinin nanomaterialların, həmçinin nanozərrəciklərin iştirakı ilə aparılması və son nəticədə isə nano-radiasion texnologiyaların yaradılmasıdır.

R.Mehdiyeva daha sonra İnstitutda yuxarıda göstərilən istiqamətlər üçün əhəmiyyətli nano zərrəcik, maddə və materiallarda ionlaşdırıcı şüaların təsiri altında gedən proseslərin qanunauyğunluqlarının müəyyənləşdirilməsi, onların davamlılıqlarının artırılması yolları və tərkibini dəyişmədən xassələrinin yaxşılaşdırılması üzrə aparılan elmi tədqiqatlarla dinləyiciləri tanış edib.

Seminar-mühazirənin sonunda Radiasiya Problemləri İnstitutunda əsas tədqiqat istiqamətlərdən biri kimi elektronikada, texnoloji proseslərdə, neft-qaz istehsalı sahələrində geniş istifadə olunan nano maddə və materiallara ionlaşdırıcı şüaların təsirinin tədqiqi, eləcə də aqressiv mühitə davamlı halların alınması və keyfiyyətlərinin köklü şəkildə dəyişilməsi imkanlarını aşkar etmək məqsədli elmi-tədqiqat işlərinin olduğu vurğulanıb.

Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.