RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.04.2019]

İnstitutda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA-Japan International Coorporation Agency) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə RPİ-nin rəhbərliyi və laboratoriya müdirləri, həmçinin də JICA-nın Özbəkistan ofisinin baş nümayəndəsinin müavini, xanım Kazuko Takabanake, qurumun Özbəkistan üzrə proqram koordinatoru Farhod Kurbanov, qurumun Azərbaycan üzrə proqram koordinatoru Nigar İsmayılova və digər qonaqlar iştirak ediblər.

Sözügedən görüşdə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov qonaqları salamlayıb və görüş haqqında məlumat verib. O.Səmədov çıxışında alimlərimizin beynəlxalq təşkilatlarla bu cür əməkdaşlıq əlaqələri qurmasının mühüm əhəmiyyət kəsb etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov çıxış edərək “Günəş panelləri əsasında hibrid günəş ev sisteminin qurulması” layihəsi və bu layihəyə JİCA-nın ayırdığı mini qrant əsasında RPİ-nin binasında quraşdırılmış günəş panelləri və hibrid günəş ev sistemi haqqında məlumat verib. Gənc alim 2016-cı ildə JICA xəttiylə Yaponiyanın Kitakyuşi şəhərində JICA mərkəzində keçirilən “Bərpa olunan enerji mənbələri, xüsusən günəş panelləri şəbəkədə” adlı təlimlərdə iştirak etdiyini və nəhayət 2019-cu ildə JICA dəstəyi ilə keçirilən mini qrant müsabiqəsinin qalibi olduğunu bildirib. Müəllif qeyd edib ki, JICA-nın bu cür mini qrant müsabiqələrində yalnız JICA xəttiylə təlimlərdə iştirak etmiş şəxslər layihələr təqdim etmək hüququna malikdir.

Daha sonra “Bərpa olunan enerji növlərinin çevrilməsi” laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Oktay Salamov çıxış edərək alternativ energetika sahəsində İnstitutda görülmüş işlər və yaradılmış qurğular, həmçinin Əlisgəndər Salamovla 2010-cu ildən etibarən gördükləri birgə elmi işlər, xarici və yerli elmi jurnallarda dərc etdirdikləri məqalələr və ixtiralara aldıqları patentlər barədə məlumat verib. O, JİCA-nın adı çəkilən layihənin reallaşdırılması üzrə mini qrant ayırmasını yüksək qiymətləndirib, qonaqlara öz təşəkkürünü bildirib.

Hazırki mərhələdə yalnız Günəş panellərinin işə qoşulduğu və onların müəyyən enerji işlədicilərini elektrik enerjisi ilə fasiləsiz təchiz etdiyini bildirən Oktay Salamov gələcəkdə bu cür enerji mənbələri sayəsində “Günəş və külək-antikorroziya sistemləri”nin, sudan təzyiq altında təmiz hidrogen və oksigen qazlarının alınması üçün “Günəş-külək elektroliz qurğusu”nun, həmçinin də biokütlələrdən və tullantılardan yanar qaz qarışığı almaq üçün “Günəş-külək energetik qurğusu”nun yaradılacağını qeyd edib. O.Səmədov sözügedən qrant layihəsinin reallaşdırılmasında aktiv iştirak etmiş və günəş radiasiyasını fasiləsiz olaraq ölçmək üçün kiçik ölçülü, yüksək dəqiqlikli ölçü cihazı düzəldən, Azərbaycan Texniki Universitetinin tələbəsi Əbülfəz Məhərrəmovu tədbir iştirakçıları ilə tanış edib və ona təşəkkürlərini bildirib.

Tədbirin sonunda JİCA-nın Özbəkistan ofisinin baş nümayəndəsinin müavini, xanım Kazuko Takabanake səmimi qəbula və qonaqpərvərliyə görə RPİ rəhbərliyinə təşəkkür edib. Təmsil etdiyi təşkilatın fəaliyyətindən danışan və sözügedən layihəni yüksək qiymətləndirən qonaq JİCA-nın ölkəmizlə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.

Görüşün sonunda RPİ-nin əsas binasında quraşdırılan günəş panelləri və hibrid günəş ev sisteminə birgə baxış keçirilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.