RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.06.2019]

İnstitutda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. İnstitutun Qadınlar Şurasının və Həmkarlar Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA Qadınlar Şuranın sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva və Akademiyanın digər elmi müəssisə və təşkilatlarının Qadınlar şuralarının rəhbərliyi iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra giriş sözü ilə çıxış edən RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov qonaqları salamlayıb və İnstitutun fəaliyyəti, əldə olunmuş nəticələr və qrumun beynəlxalq əlaqələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. 15 İyun – Milli Qurtuluş Günü və bu günün əhəmiyyətindən danışan O.Səmədov sonda iştirakçıları bu gün münasibəti ilə təbrik edib.

Sonra məktəb şagirdi Nərgiz Zülfüqarlı “Azərbaycan” şeirini səsləndirib.

Daha sonra çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva 15 İyun – Milli Qurtuluş Gününün tarixi və bu günün Azərbaycan Respublikası üçün əhəmiyyətindən danışıb. Q.Paşayeva çıxışında bildirib ki, Azərbaycan xalqının çağırışı ilə məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ölkəmizə sabitlik və təhlükəsizlik, eləcə də cəmiyyətimizə rifah gətirdi.

Q.Paşayeva daha sonra Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı onun örnək davranışlarından, vətənpərvərliyindən danışıb, həmçinin həmin səfərlər zamanı ulu öndərin təbliğ etdiyi Azərbaycançılıq ideologiyası, göstərdiyi Vətən sevgisi haqqında şahidi olduğu xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Natiq çıxışının sonunda 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdırıb və hər bir Azərbaycan vətəndaşını ölkəmizin gələcək inkişafı və uğurlu sabahları üçün daima əzmlə çalışmağa çağırıb.

Sonra RPİ-nin elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, İnstitut Qadınlar Şurasının sədri Rəvan Mehdiyeva çıxış edərək müstəqil Azərbaycanın qurucusu olan ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, ölkəmizdə elmin inkişafına və alimlərimizin sosial rifahına göstərdiyi diqqət və qayğıdan danışıb. R.Mehdiyeva çıxışının sonunda bildirib ki, ulu öndərin ölkə həyatının bütün sahələrində icra olunan islahatları bu gün inkişaf edən bir Azərbaycan gerçəkliyidir. Onun istər əvəzolunmaz şəxsi keyfiyyətləri, istərsə də Azərbaycan naminə yorulmaz fəaliyyəti tariximizin ayrılmaz bir hissəsini təşkil edir.

Tədbirdə daha sonra RPİ-nin Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova və İnstitutun doktorantı Fərqan Əsədov çıxış edərək 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə gənc alimlərin yetişdirilməsi, onlara diqqət və qayğı göstərilməsi, qadınların cəmiyyətdəki statusunun və rolunun yüksəldilməsi, hüquq və maraqlarının təmin olunması, onların fiziki, mənəvi və intellektual potensialının, hörmət və diqqətin artırılması, sosial müdafiəsinin möhkəmləndirilməsi, həmçinin ailə, qadın və uşaqların mühafizəsi istiqamətində mühüm işlər görüldüyünü bildiriblər.

Sonda çıxış edən AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə tədbir iştirakçılarını 15 İyun – Milli Qurtuluş günü münasibəti ilə təbrik edib və bu kimi tədbirlərin müntəzəmliyinin artırılmasının, eləcə də Şuranın fəaliyyətinin, sosial – ictimai aktivliyin artırılmasının vacibliyini vurğulayıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.