RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[17.10.2019]

İnstitutda 2019-cu il üzrə hesabat iclasları keçirilir - 2

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 2019-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair laboratoriya və şöbələrin hesabat iclasları davam edir.

Müvafiq qrafik üzrə keçirilməsi nəzərdə tutulan iclasların ikincisi bu gün baş tutub.

İclasda çıxış edən “Bərpa olunan enerji növlərinin çevrilmələri” laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Oktay Salamov laboratoriyanın cari ilində məşğul olduğu mövzu və işlər haqqında məlumat verib.

O.Salamov bildirib ki, sözügedən laboratoriya 2019-cu ildə aparılan tədqiqatların yekununda 13 nəticə əldə edib. Hesabat ilində laboratoriya əməkdaşları tərəfindən 4-ü xaricdə olmaqla, ümumilikdə 7 məqalə çap etdirilib, həmçinin 3 patent alınıb, “Külək elektrik mühərriki üçün üçpilləli multiplikator” adlı bir ədəd Avrasiya patentinə aid qurğunun 6 kVt-a hesablanmış işlək modeli hazırlanıb, 1 patentə müsbət rəy verilib və 1 patent üçün sənədlər təqdim olunub.

Sonra çıxış edən Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov hesabat ilində laboratoriyanın fəaliyyəti haqqında məlumat verib. R.Mədətov bildirib ki, hesabat ilində laboratoriya əməkdaşları 3 nəticə əldə edib, 11 tezis və 8 məqalə çap etdirib, həmçinin laboratoriyanın əməkdaşı M.Məmmədovun həmmüəllifliyi ilə 3 dərslik nəşr olunub.

İclasda çıxış edən “Enerjitutumlu proseslərin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri namizədi Hökmən Mahmudov rəhbərlik etdiyi laboratoriyanın cari ildə 1 mövzu üzrə apardığı tədqiqat işi haqqında məlumat verib. Bildirib ki, bu il laboratoriyanın əməkdaşı S.Hüseyinovanın müəllif və həmmüəllifliyi ilə 1 kitab, 1 test toplusu, 7-11 siniflər üçün 1 dərs vəsiti və test tapşırıqları dərc olunub, həmçinin hesabat ilində əməkdaşlar tərəfindən 2 nəticənin əldə edilib, 2-si xaricdə olmaqla 3 məqalə və 8-i xaricdə olmaqla 9 tezis çap olunub.

Daha sonra çıxış edən “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev rəhbərlik etdiyi laboratoriyanın cari ildəki tədqiqat mövzuları və işlər haqqında geniş məlumat verib. Beynəlxalq və yerli əməkdaşlıq əlaqələri, ezamiyyətlər və qrant layihələrdə iştirak haqqında statistik rəqəmləri də diqqətə çatdıran İ.Mustafayev bildirib ki, rəhbərlik etdiyi laboratoriya hesabat ilində 4 nəticə əldə edib, 6-ı xaricdə olmaqla 7 məqalə və 11-i xaricdə olmaqla 16 tezis çap etdirib.

Sonda İnstitutun “Radiokimya” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Xaqani Məmmədov çıxış edərək hesabat ilində laboratoriyanın problem, mövzu və görülən işlər üzrə fəaliyyəti haqqında geniş məlumat verib. X.Məmmədov həçmiçinin bildirib ki, cari ildə sözügedən laboratoriya 12 məqalə və 12 tezis çap etdirib, eləcə də elm və təhsil əlaqələri, beynəlxalq əlaqələr və kadr hazırlığı sahəsində səmərəli fəaliyyət göstərib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.