RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.12.2019]

İnstitutda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov ümummilli liderin həyat və fəaliyyəti, həmçinin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışıb.

Daha sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva ulu öndər Heydər Əliyevin bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr etdiyini bildirib. Ümummilli liderin Azərbaycan üçün misilsiz xidmətlərindən danışan R.Mehdiyeva bu dahi şəxsiyyətin xalqına, dövlətinə və onun inkişafına verdiyi dəyərdən və dəstəkdən geniş bəhs edib. R.Mehdiyeva qeyd edib ki, dahi Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaradıb.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində yorulmadan tərəqqisi üçün çalışdığı, böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə həmişə qürur duyduğu doğma vətəni Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsi, əbədi və dönməz olması, dinamik inkişaf yolu və beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin gərgin və səmərəli fəaliyyəti sayəsində gerçəkləşmişdir.

R.Mehdiyeva çıxışının sonunda xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər mərhələsinin, hər səhifəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib.

Anım gününə həsr olunmuş tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Film tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.