RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.01.2020]

Radiasiya Problemləri İnstitutunda ukraynalı alimlə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) ukraynalı alimlə görüş keçirilib.

Görüşdə çıxış edən Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov qonağı salamlayıb və rəhbərlik etdiyi İnstitutun fəaliyyəti haqqında məlumat verib.

Sonra çıxış edən “Ukrayna-Azərbaycan Beynəlxalq Elm-Təhsil Mərkəzinin” (Joint Ukraine-Azerbaijan International Research and Education Center of Nanobiotechnology and Functional Nanosystems (JUAI-REC-NBFN)) Ukrayna tərəfdən rəhbəri, doktor Taras Kavetski səmimi qəbula görə İnstitut rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra "Polimerlərdə və mürəkkəb birləşmələrdə ion – induksiyaedici proseslər" mövzusunda məruzə ilə çıxış edən T.Kavetski tərkibindəki atomların atom kütlələri nəzərəçarpacaq dərəcədə fərqli olan bəzi mürəkkəb birləşmələrdə defekt meydana gəlməsi ilə müqayisədə, az enerjili ionlarla şüalanan polimerlərdə qüsur meydana gəlməsi mexanizmlərinin ən vacib xüsusiyyətlərinin müəyyənləşdirilməsi problemlərindən geniş bəhs edib. Məruzəçi, həmçinin bu prosesləri öyrənmək üçün pozitron anihilyasiya spektroskopiyası metodlarından istifadənin xüsusiyyətlərini göstərib.

Məruzə görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb və yekun müzakirədə professor Rövşən Xəlilov, professor Rauf Sərdarlı və digər alimlərin iştirakı ilə geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda birgə qrant layihələrinin və nüfuzlu beynəlxalq jurnallarda elmi nəşrlərin hazırlanması üçün “Ukrayna-Azərbaycan Beynəlxalq Elm-Təhsil Mərkəzi” ilə RPİ, həmçinin Polşa və Ukrayna universitetləri arasında birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.