RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.06.2020]

Radiasiya Problemləri İnstitutu: Hər kəs karantin tələblərinə sosial məsuliyyət hissi ilə yanaşmalıdır

12.06.2020-4

Dünyada COVID-19 infeksiyası ilə mübarizə aparıldığı vaxtda Prezident İlham Əliyevin rəhbərliyi ilə virusa qarşı vaxtında görülən genişmiqyaslı tədbirlər ölkəmizdə onun yayılma sürətini kəskin şəkildə azaltdı. Həmin tədbirlər istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Radiasiya Problemləri İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Baba Əliyev bildirib. O qeyd edib ki, pandemiyanın ilk günlərindən bu bəşəri təhlükənin qarşısının alınması üçün ən zəruri preventiv tədbirlər görüldü. Ölkəmizin tibb ocaqları yüksək hazırlıq vəziyyətinə gətirildi, yeni klinikalar, modul tipli xəstəxanalar açıldı, xalqımız Prezident İlham Əliyevin irəli sürdüyü “Biz birlikdə güclüyük!” şüarı ətrafında birləşərək epidemiyaya qarşı mübarizədə milli birlik və həmrəylik nümunəsi nümayiş etdirdi.

Pandemiyadan əziyyət çəkməmək üçün aztəminatlı ailələrə, işsizlərə və sahibkarlıq subyektlərinə davamlı maddi-mənəvi dəstək göstərildi. Bütün bunların nəticəsində gözəgörünməz düşmənlə mübarizədə xalqımız ən az itkilər verdi. Epidemiyaya qarşı mübarizə xalqla hökumətin birliyi nümunəsinə çevrildi.

Koronavirus pandemiyası dövründə Azərbaycan Milli Elmlər Akademiyasında da mühüm işlər görülüb, o cümlədən elmi müəssisə və təşkilatlar virusla mübarizə tədbirlərinə qoşulub və əməkdaşlar müəyyən olunmuş qaydalara tam şəkildə əməl edirlər. Hazırda Radiasiya Problemləri İnstitutu öz fəaliyyətini mövcud karantin rejiminin qaydalarına uyğun şəkildə davam etdirir. Vaxtaşırı olaraq institutda inzibati binalar xüsusi məhlulla dezinfeksiya olunur, eləcə də institut əməkdaşları hər iş günü inzibati binalara daxil olarkən girişdə əllərin gigiyenası üçün dezinfeksiyaedici məhluldan və tibbi maskadan istifadə edir, iş prosesində müvafiq sosial məsafə saxlayır, həmçinin xüsusi cihaz vasitəsilə onların hərarəti ölçülür və işçilərlə profilaktik maarifləndirici söhbətlər aparılır. Karantin şərtlərinin yumşaldılması vətəndaşlar tərəfindən doğru qiymətləndirilməli və hər kəs bu gün öz şəxsi məsuliyyətini dərk edərək mövcud prosesə xüsusilə ciddi yanaşmalıdır. İndiki şəraitdə virusdan qorunmaq üçün yeganə bir yol həkim və mütəxəssislərin tövsiyələrinə ciddi şəkildə əməl etmək, sanitar-gigiyena tələblərini gözləməkdir.

“Tibbi maskadan istifadə, şəxsi gigiyena qaydalarına riayət etmək, kütləvi yerlərdə sosial məsafə saxlamaq, zərurət olmadıqda evdən çıxmamaq həyati əhəmiyyətli məsələlərdir. Həftəsonu tətbiq edilən karantin tədbirləri, mümkün qədər təmas və ünsiyyət saxlamaqdan uzaq olmaq və özünütəcrid bu bəşəri bəladan xilas olmağa xidmət edir və həmin tələblərə əməl olunması hər kəsdən vətəndaşlıq məsuliyyəti tələb edir. İnstitutumuzun hər bir əməkdaşı həmin məsuliyyəti dərindən dərk edir”, - deyə müsahibimiz söhbətinə yekun vurub.

© azertag.az