RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.07.2020]

AMEA-nın müxbir üzvü İslam Mustafayev “Space” televiziyasına müsahibə verib

I. Mustafayev

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Böyükşor gölündə ekoloji vəziyyətlə əlaqədar “Space” televiziyasına müsahibə verib.

Müsahibəsində hələ 15-17 il əvvəl Böyükşor gölündə müəllifi olduğu layihə əsasında akademik Məmməd Salmanov, coğrafiya üzrə elmlər doktoru Vaqif Məmmədov və fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynovun iştirakı ilə sosial-ekoloji monitorinqin keçirildiyini bildirən İ.Mustafayev Bakıda Dünya Bankının dəstəyi ilə bu mövzuda Beynəlxalq konfrans keçirildiyini də qeyd edib.

Alim Böyükşor gölün 10 il bundan əvvələdək öz təbii sahəsini ətraf ərazilərdə yaşayan sakinlərin kanalizasiya suları və sənaye axıntıları səbəbindən 3-4 dəfə artırdığını vurğulayıb. Qeyd edib ki, kimyəvi, mikrobioloji və radiasiya monitorinqlərinin nəticələri gölün suyunun neft məhsulları, fenollar, fekal mənşəli tullantılarla kəskin dərəcədə çirkləndiyini göstərir. O, hazırda ciddi reabilitasiya tədbirlərinə ehtiyac olduğunu deyib. Həmçinin bildirib ki, sözügedən tədqiqatların müəllifləri “Abşeron gölləri” adlı kitabçada bu reabilitasiya tədbirlərini göstəriblər.

Laboratoriya rəhbəri əlavə edib ki, son 10 ildə Böyükşor gölü qismən qurudularaq öz əvvəlki məcrasına qaytarılıb, lakin çirkablardan lazımi səviyyədə təmizlənməyib: “Göldəki çirklənmə göstərir ki, buraya axıntılar davam etməkdədir. Son günlər göldən Bakının atmosfer havasına yayılan qoxu şəhər sakinləri üçün əlverişsiz şərait yaradıb".

İ.Mustafayev ekoloji vəziyyəti sağlamlaşdırmaq üçün görülməli tədbirlərdən də danışaraq bildirib ki, ilk növbədə, ekoloji monitorinq təşkil edərək suda çirkləndiricilərin qatılığının təyin olunması, axıntı mənbələrinin müəyyənləşdirilməsi və qarşısının alınması, sonda isə ekoloji reabilitasiya tədbirlərinin həyata keçirilməsi zəruridir.

O, AMEA-da hər üç tədbiri həyata keçirmək üçün həm texniki potensialın, həm də insan resurslarının mövcud olduğunu söyləyib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.