RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.07.2020]

Azərbaycan xalqı Ali Baş Komandanına və ordusunun gücünə inanır

12.06.2020-4

Bakı. Trend:

İyulun 12-də Azərbaycan-Ermənistan sərhəd xəttinin Tovuz rayonu istiqamətində təcavüzkar Ermənistanın törətdiyi növbəti təxribatın qarşısı qəhrəman hərbiçilərimiz tərəfindən qətiyyətlə alındı və milli ordumuz düşmənə layiqli cavab verdi. İşğalçı erməni hərbi qüvvələri bu dəfə də ciddi itkilər verərək geri oturduldu, qəhrəman Azərbaycan övladlarının, şəhidlərimizin qisası alındı.

Təcavüzkar siyasətini davam etdirən düşmənin bu təxribatından dərhal sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev Təhlükəsizlik Şurasının təcili iclasını keçirdi. Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı cənab Prezident vəziyyətə münasibət bildirərək, erməni təxribatının səbəblərini açıqladı. Az sonra düşmənin dayaq və idarəetmə məntəqələrinə, canlı qüvvəsinə və hərbi texnikalarına sarsıdıcı zərbələr endirildi. Düşmənin çoxlu əsgər və zabiti məhv edildi, maşın və texnikası sıradan çıxarıldı.

Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında Ali Baş Komandanın “Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik.” qətiyyətli fikri həm Ermənistana, həm də onların havadarlarına açıq-aşkar xəbərdarlıq idi.

Bu gün bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirlər. Həmçinin, dünyamızın üzləşdiyi koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bütün bu amillər işğalçı Ermənistanı çox qıcıqlandırır və höküm sürən xaos, sosial problemlər, siyasi və iqtisadi böhran və beynəlxalq müstəvidəki uğursuzluqlar baş nazir Nikol Paşinyanı vəziyyətdən çıxmaq üçün alternativ yollar axtarmağa məcbur edir.

Təbii ki, mövcud vəziyyətə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyır və son təxribatı ilə düşmən ölkə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ölkəmizin inkişafı, Azərbaycan və onun Liderinin dünyada artan nüfuzu qarşısında daha da zəifləyən Ermənistan isə işğalçılıq siyasəti və bu cür biabırçı təxribat cəhdləri ilə daim məğlubiyyətə düçar olacaq.

Fikrimcə, xüsusilə belə çətin zamanda hər birimiz həmrəy olmalı, bir olub cənab Prezident İlham Əliyevin və Azərbaycan ordusunun yanında olduğumuzu, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı öz qəti etirazımızı nümayiş etdirməliyik.

Vətənin müdafiəsində qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizə bir daha Allahdan rəhmət, yaxınlarına səbir və yaralılarımıza şəfa diləyirik.

Baba Əliyev
AMEA Radiasiya Problemləri İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© trend.az