RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.07.2020]

“Əkinçi”dən başlayan yol və milli mətbuatımıza dövlət qayğısı

22.07.2020

Bakı. Trend:

22 iyul 1875-ci ildə Milli mətbuatımızın bünövrəsini qoyan “Əkinçi” qəzeti həm də milli maarifçilik hərəkatına ən mühüm töfhələrdən biridir. Qəzet Həsən bəy Zərdabi başda olmaqla Azərbaycan xalqının təəssübünü çəkən maarifçi mühərrirlərin ana dilimizdə çap etdirdikləri bir qəzet idi və milli özünüdərkin formalaşmasında, mənəvi dəyərlərimizin qorunmasında misilsiz rol oynayıb.

Daim xalqımızın milli maraqlarını müdafiə edən “Əkinçi” mütərəqqi elmi, bədii, fəlsəfi və maarifləndirici fikirlərin carçısı idi. Özünün xüsusi oxunaqlı üslubu və yenilikçi ideyaları ilə fərqlənən qəzet milli mətbuatımıza ümummilli məqsədlərin təbliği, müasirlik, ana dilimizin zənginləşməsi və bu kimi əsas yaradıcılıq prinsiplərini özündə ehtiva edən bir məktəb formalaşdırdı. “Əkinçi” qəzetinin ideya xəttini əsas götürərək illər sonra Azərbaycanın maarifçi ziyalılarının nəşr etdirdikləri “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad”, “Həyat”, “Fyuzat”, “Həqiqət”, “Tazə həyat”, “Tərəqqi”, “ Molla Nəsrəddin” və başqa bu kimi mətbu orqanlar da “Əkinçi” ənənələrini davam etdirdi. Məhz bu ənənə XX əsrin əvvəllərində xalqımızın milli oyanış və milli özünüdərk prosesinə mühüm töfhələr verdi.

Ötən əsrin əvvəllərində milli mətbuatımız hürriyyət ideyalarının təbliği və müstəqilliyimizin möhkəmləndirilməsi yolunda fəal iştirak edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə mütərəqqi bir missiyanı öhtəsinə götürmüş və bu missiyanı layiqincə yerinə yetirmişdir. İstər ictimai-siyasi, istərsə də milli-mədəni həyatda baş verən proseslərdən kənarda qalmayan Azərbaycan mətbuatı sovet hakimiyyətinin 70 illik sərt senzura şəraitində də xalqımıza xas zəngin milli ənənələri müdafiə etdi, həmçinin respublika gündəmini bütün istiqamətlər üzrə öz səhifələrində işıqlandırdı.

Yeni dövrün milli mətbuatı ümummilli lider Heydər Əliyevin tükənməz siyasi iradəsi və misilsiz xidmətləri sayəsində inkişaf etdi. 1991-ci ildə yenidən müstəqilliyini elan edən Azərbaycanda söz və ifadə azadlıqlarının təmin olunması və müasir azad mətbuatın formalaşması, eləcə də bu sahədə hüquqi-normativ bazanın yaradılması və mətbuatın iqtisadi müstəqilliyinin təminatı baxımından mühüm əməli addımlara zəmin yaranmışdı. 1993-cü ildə Azərbaycan xalqının istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin yorulmaz əməyi və Vətən sevgisi digər sahələrdə olduğu kimi, milli mətbuatımızın inkişafına da ciddi təkan oldu və müasir Azərbaycan dövlətində mətbuat yeni – müstəqil inkaşf mərhələsinə qədəm qoydu. Bunun üçün elə müstəqilliyin ilk illərindən başlayaraq söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Ulu öndər Heydər Əlyevin birbaşa göstərişi və nəzarəti ilə Azərbaycanda bu sahənin inkişafı, müstəqil mətbuatın uğurlu fəaliyyəti, mətbuatın texniki imkanlarının yaxşılaşdırılması, nəşriyyatların müasir avadanlıqlarla təmin edilməsi üçün dövlət səviyyəsində çox mühüm tədbirlər reallaşdırıldı. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri isə 1998-ci il avqustun 6-da ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi haqqında Sərəncamı oldu. Bildiyimiz kimi, hələ Azərbaycan Çar Rusiyasının tərkibində olandan ciddi senzura ilə üzləşib və Sovet dönəmində də ölkəmizdə tətbiq olunan rus senzurası söz, mətbuat azadlığı həmişə boğub. Ona görə də ölkənin sürətli inkişafa qədəm qoyduğu bir vaxtda belə bir qərarın verilməsi - yaradıcı insanlar, mətbuat nümayandələri üçün buxov olan senzuranın ləğv olunması ölkə ictimaiyyəti, mətbuat nümayəndələri tərəfindən yüksək coşqu ilə qarışlandı və milli mətbuatın inkişafına yeni nəfəs verdi. 1999-cu ildə "KİV haqqında" Azərbaycan Respublikasının Qanunu, digər hüquqi-normativ aktların qəbulu, Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər qısa zamanda öz müsbət nəticəsini göstərdi.

Azərbaycanda mətbuatın ən böyük dəstəkçisi cənab Prezident İlham Əliyevdir

Hazırda Azərbaycanın inkişafı və dünyada artan nüfuzu şübhəsiz ki, möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz, cənab Prezidentin siyasi zəkası və yüksək liderlik qabiliyyəti ölkəmizdə Xalq-Prezident həmrəyliyini yaradıb və ölkə daxilində həyata keçirilən çoxşaxəli inkişaf strategiyasının uğurlu nəticələri, eləcə də beynəlxalq miqyasda irəli sürülən yenilikçi fikirlərə, qlobal təşəbbüslərə dünya ölkələri tərəfindən verilən yüksək qiymət bu inkişafın davam edəcəyindən xəbər verir.

Ulu öndər Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyev cəmiyyət həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil KİV-lərin inkişafına əlverişli şərait yaradılmasını həmişə diqqətdə saxlayıb. Ona görə də bu gün ölkənin inkişafı paralel olaraq Azərbaycan mətbuatında da öz əksini tapır və rəqabətqabiliyyətli informasiya mühitində artıq yeni və müasir kütləvi informasiya vasitələri həm də beynəlxalq informasiya məkanının üzvlərinə çevrilməkdədir.

2005-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla "Əməkdar jurnalist" adının bərpa olunması, 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətə başlaması, həmçinin, ölkənin aparıcı media nümayəndələrinin dövlət ali mükafatları ilə təltif olunması müstəqil mətbuatın inkişafına ciddi rol aynadı. Mütəmadi olaraq, hər il aparıcı qəzet redaksiyalarına maliyyə yardımları edilməsi, bu yardımların ilbəil artırılması və dövlətin bu sahə ilə bağlı atdığı digər addımları dövlətin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının nümunəsi kimi artıq müsbət nəticəsini verib. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə istifadəyə verilən binalar cənab Prezidentin mətbuat işçilərinə diqqət və qayğısının ən bariz nümunəsidir.

Azərbaycanda KİV-ə göstərilən dövlət dəstəyi media nümayəndələri tərəfindən də daim sevinclə qarşılanıb və yüksək qiymətləndirilib. İstər mövzu rəngarəngliyi, istərsə də çoxsaylı auditoriyasını dəqiq, qərəzsiz və operativ məlumatlandıran, həmçinin milli təəssübkeşliyi ilə seçilən ölkə mətbuatı da məhz xalqımıza xidmət göstərərək 145 il öncə yaranmış ənənəni davam etdirir.

Prezident İlham Əliyevin Azərbaycanda milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədi ilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixli Sərəncamı da, fikrimcə, media mənsublarına dövlət dəstəyinin daha nümunəvi davamıdır və biz jurnalistlər bu diqqət və qayğını qurur hissi ilə qarşılayır, cənab Prezidentə minnətdarlığımızı bildiririk.

Baba Əliyev
AMEA Radiasiya Problemləri İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© trend.az