RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.07.2020]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurasının növbəti onlayn iclası keçirilib

İyulun 24-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, şura üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi katibləri, ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, həmkarlar təşkilatlarının, gənc alim və mütəxəssislər, eləcə də Yeni Azərbaycan Partiyasının (YAP) özək təşkilatları, qadınlar və veteranlar şuralarının sədrləri iştirak ediblər.

Öncə akademik Rasim Əliquliyev AMEA-nın həqiqi üzvü Təyyar Cəfərovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında məlumat verib. FRTEB-in Elmi şurası akademik T.Cəfərovu bu yüksək dövlət mükafatı münasibəti ilə təbrik edib, alimə Azərbaycan elminin inkişafı və beynəlxalq nüfuzunun yüksəldilməsi naminə fəaliyyətində yeni uğurlar arzu edib.

R.Əliquliyev daha sonra gündəlikdə yer alan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, son dövrlərdə Azərbaycan Respublikasının mövcud elmi-texniki potensialının xalqımızın milli sərvəti kimi qorunması və möhkəmləndirilməsi, eləcə də fundamental və tətbiqi elmi tədqiqatların prioritet istiqamətlərinin ölkənin müdafiə qüdrətinin gücləndirilməsinə, təhlükəsizliyinin təmin edilməsinə, qeyri-neft sektorunun inkişafına, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi problemlərinin həllinə uyğun olaraq müəyyənləşdirilməsi ölkə rəhəbrliyinin daim diqqət mərkəzindədir.

AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli iclasında verilmiş bəzi tapşırıqlar və tövsiyələr haqqında məlumat verən Rasim Əliquliyev AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin AMEA alimlərinin, ziyalılarımızın, həmçinin gənc alim və mütəxəssislərin ölkəmizdə və dünyada diqqət mərkəzində olan “COVİD-19” virusu ilə mübarizə məsələlərinə, eləcə də, Prezident İlham Əliyevin apardığı məqsədyönlü, uğurlu siyasətin işığında gedən ictimai-siyasi proseslərə daim fəal münasibət bildirmələrini, cəmiyyətin bu istiqamətdə obyektiv məlumatlandırılması və maarifləndirilməsi işlərində yaxından iştirak etmələri barədə müvafiq tövsiyələrini diqqətə çatdırıb.

Elmi şuranın sədri, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 iyul 2020-ci il tarixdə Nazirlər Kabinetinin iclasındakı çıxışına istinad edərək qeyd edib ki, dövlət başçısı öz nitqində ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə, Ermənistanın Azərbaycana qarşı təcavüzünə, həmçinin yaxın tariximizin hadisələrinə dair bildirdiyi fikirlər, ortaya qoyduğu qətiyyətli mövqe haqlı olaraq ictimaiyyətin diqqətini cəlb edib. Cənab Prezidentin qeyd etdiyi kimi, “son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi”.

Alim vurğulayıb ki, dövlət başçısının bu tarixi çıxışı AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixində keçirilən iclasında ətraflı müzakirə olunub. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev xüsusilə vurğulayıb ki, “cənab Prezidentin nitqində ölkəmiz qarşısında dayanan təhdidlər, dövlətin bu problemlərə olan münasibəti dəqiq şəkildə öz əksini tapıb. Ölkəmizin taleyinə laqeyd olmayan hər kəs bu nitqə diqqətlə yanaşmalı, Prezidentin verdiyi siyasi istiqaməti qavramağa çalışmalıdır”.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Misir Mərdanov çıxışında qeyd edib ki, rəhbərlik etdiyi elmi müəssisənin kollektivi Tovuz rayonu ilə sərhəddə Ermənistan ordusunun təxribatının Ali Baş Komandanın çevik və düzgün qərarları ilə silahlı qüvvələrimiz tərəfindən dərhal qarşısının alınmasını yüksək qiymətləndirir. Bununla yanaşı, hər zaman cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir. Alim dövlətimizin başçısına Azərbaycan elminə, alimlərimizin rifah halının yaxşılaşdırılması məqsədilə göstərdiyi qayğıya görə də, öz adından və RMİ-nin kollektivi adından minnətdarlığını izhar edib.

M.Mərdanov son zamanlar bəzi mətbuat orqanları və sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyası, onun rəhbərliyi haqqında böhtan xarakterli yalan məlumatların yayılması məsələsinə də öz münasibətini bildirib, ictimai rəydə çaşqınlıq yaratmaq məqsədi güdən bu cür mənfi addımları qəti şəkildə pisləyib. Həmçinin qeyd edib ki, ziyalılarımız bu cür məsələlərə həssas yanaşmalı, kütləvi informasiya vasitələrinin köməyi ilə ictimaiyyəti doğru məlumatlandırmağa çalışmalıdırlar.

Akademik Telman Əliyev öz növbəsində, son vaxtlarda Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı növbəti təcavüzü barədə fikirlərini bildirib, qeyd edib ki, dünya ictimaiyyəti hər zaman Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətini pisləyir. Alim, həmçinin gənclərimizin yüksək vətənpərvərlik ruhu nümayiş etdirdiklərini də təqdirəlayiq hesab edib.

AMEA-nın müxbir üzvü Afiq Həsənov ziyalılarımızı ölkədə gedən ictimai-siyasi proseslərə, ölkə başçısının qarşıya qoyduğu tələb və tapşırıqlara daha həssas yanaşmağa səsləyib, həmçinin Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi birgə əməkdaşlıq münasibətlərinin geniş müzakirə olunması məqsədi ilə FRTEB-in Elmi şurasının xüsusi iclasının keçirilməsi barədə təklifini irəli sürüb.

Akademik Adil Qəribov Rəyasət Heyətinin 16 iyul tarixində keçirilən iclasında müzakirə olunan məsələlər, o cümlədən son günlərdə ölkənin ictimai-siyasi həyatında müşahidə edilən proseslər barədə öz münasibətini bildirərək, alimlərimizi televiziya və digər mətbu orqanların vasitəsilə fəal şəkildə cəmiyyətimizi maarifləndirməyə səsləyib. Alim həmçinin, Prezident İlham Əliyevin ötən gün su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirə barəsində də öz fikirlərini səsləndirib, cənab Prezidentin irəli sürdüyü fikirləri, haqlı iradlarını birmənalı şəkildə qəbul etdiyini bildirib.

Akademik Nazim Məmmədov çıxışında diqqətə çatdırıb ki, “Fizika İnstitutunun kollektivinin hər bir üzvü sərhədlərimizin qorunması, eləcə də topraqlarımızın erməni işğalından azad edilməsi naminə hər zaman ordumuzun və onun Ali Baş Komandanı möhtərəm Prezidentimiz İlham Əliyevin yanındadır”. Alim, eyni zamanda iclas iştirakçılarına bildirib ki, İspaniyadan, İsveçrədən və digər Avropa ölkələrindən olan alim həmkarları Ermənistanın Tovuz rayonu ilə sərhəddə apardığı təxribatı pisləyir və bir ziyalı kimi Azərbaycanın ərazi bötüvlüyünü, onun toxunulmazlığını tanıdıqlarını bildiriblər.

Akademik Arif Həşimov öz növbəsində, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti, ölkəmizdə ordu quruculuğu, “COVİD-19” ilə mübarizə və obyektiv olaraq yaranmış digər problemlərin aradan qaldırılması ilə bağlı məsələlərin həlli istiqamətində nümayiş etdirilən məqsədyönlü siyasəti yüksək qiymətləndirib və belə məsələlərdə ziyalılarımızın üzərinə böyük məsuliyyətin düşdüyünü iclas iştirakçılarına çatdırıb.

AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov iclas iştirakçılarının diqqətini son günlərdə ABŞ-ın Los-Anceles şəhərində erməniəsilli təxribatçıların orada yaşayan həmvətənlərimizə qarşı göstərdiyi zorakılıq əməllərinə cəlb edib. Vurğulayıb ki, düşmənin həmvətənlərimizə qarşı mənfur əməlləri qanunla cəzalandırılmalıdır. Alim, həmçinin “COVİD-19” virusu ilə mübarizə məqsədi ilə rəhbərlik etdiyi elmi müəssisənin alimlərinin apardıqları tədqiqatlardan danışaraq qeyd edib ki, mütəxəssislərimizin əldə etdikləri mühüm nəticələr artıq TƏBİB-in rəsmi müalicə protokoluna daxil edilib.

Daha sonra çıxış edən Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar, mənfur siyasəti pisləyib. Qeyd edib ki, Tovuz rayonu ilə sərhəddə baş verən erməni təxribatına qısa zaman ərzində ölkəmizin başçısı tərəfindən göstərilən operativ, layiqli münasibət ölkəmizin, eləcə də dünya ictimaiyyətinin, xüsusilə alim və ziyalılar tərəfindən rəğbətlə qarşılanır və birmənalı şəkildə dəstəklənir.

FRTEB-in Elmi şurasının üzvləri bir daha əminliklə vurğulayıblar ki, alimlərimiz həmişə olduğu kimi cənab Prezidentimizin ətrafında sıx birləşməyi və onun rəhbər tutduğu dövlətçilik prinsiplərini daim dəstəkləməyi vacib hesab edirlər. Qeyd olunub ki, AMEA-nın elmi kollektivləri və alimləri cənab İlham Əliyevin tarixi nitqində qarşıya qoyduğu vəzifələri öz fəaliyyətlərində daim rəhbər tutacaqlar.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrinin 2020-ci ilin büdcəsi çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan elmi-tədqiqat proqramlarının müzakirəsinə həsr olunub. Bu barədə elmi-tədqiqat müəssisələrinin rəhbərləri onlayn iclasın iştirakçılarına müfəssəl məlumat veriblər. Elmi şuranın üzvləri təqdim olunan elmi tədqiqat layihələrini yekdilliklə dəstəkləyərək AMEA Rəyasət Heyətinə təqdim olunması barədə qərar qəbul ediblər.

Elmi-təşkilati məsələlərin müzakirəsi zamanı Elmi şuranın üzvləri dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi üçün AMEA və ölkə rəhbərliyi qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul ediblər.

Həmçinin ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində mühüm xidmətləri olan AMEA-nın İnformasiya Texnologiyaları İnstititunun 50 illik yubileyinin, eləcə də, 2021-ci ildə Avropa Komissiyasının dəstəyi ilə “Şərq Tərəfdaşlığı ölkələri üçün E-İnfrastrukturlar” və NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusuna həsr olunan beynəlxalq konfransların keçirilməsi və dəstək verilməsi haqqında müvafiq qərarlar qəbul ediblər.

Müzakirə olunan məsələlər arasında AMEA-nın müxbir üzvü Kamil Aydazadənin, professorlar Kamil Mənsimovun və Knyaz Məmmədovun, eləcə də texnika elmləri doktoru Qəmbər Quluyevin 70 illik, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılovun 65 illik yubileylərinin keçirilməsi, həmçinin fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Canməmməd Rüstəmovun təltif edilməsi də yer alıb.

Daha sonra Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri fərmanının layihəsi Elmi şura üzvlərinin diqqətinə çatdırılıb. Layihə şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Onlayn iclasda həmçinin bir sıra kadr məsələləri də müzakirə olunub. Qəbul edilən qərarlara əsasən, texnika elmləri doktoru Qəmbər Quluyev AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun texnologiyalar üzrə direktor müavini vəzifəsinə, həmçinin Biofizika İnstitutunun təklif etdiyi namizədlər – biologiya üzrə elmlər doktorları Kərim Qasımov və Tokay Hüseynov müvafiq laboratoriyaların müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rasim Aslanov, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Dadaşov aparıcı elmi işçi vəzifələrinə təsdiq olunublar.

Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

© frteb.science.gov.az