RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.07.2020]

Silahlı və ideoloji təxribatlara qarşı ümummilli mübarizədə intellektual gəncliyin rolu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “Silahlı və ideoloji təxribatlara qarşı ümummilli mübarizədə intellektual gəncliyin rolu” adlı onlayn videogörüş keçirilib.

Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov giriş sözü ilə çıxış edib. O.Səmədov öz çıxışında son dövrlərdə Azərbaycan Respublikasının Tovuz rayonunun sərhəd kəndlərində erməni təcavüzkarlarının törətdikləri təxribatlara, eyni zamanda bu təxribatlara etirazını bildirən, həmrəylik nümayiş etdirən xarici ölkələrdə yaşayan azərbaycanlı dinc aksiya iştirakçılarına qarşı ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edib, həmçinin bütün bu hadisələrə beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyi vurğulanıb.

Daha sonra çıxış edən İnstitutun elmi-işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva, Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və başqaları ölkəmizin hazırda həm koronavirus pandemiyasına, həm də erməni təxribatçılarına qarşı mübarizə apardığını diqqətə çatdırıblar. Bildirilib ki, Ermənistanın iyulun 12-də başlayan təxribat cəhdlərinin qarşısı məhz Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin qətiyyətli mövqeyi və milli ordumuzun qarşı həmləsi ilə alındı və bu qələbə hər bir azərbaycanlıda qürur hissi oyatdı.

Görüşün sonunda Kanadanın Redlen Texnologiyaları Tədqiqat Mərkəzində çalışan azərbaycanlı gənc alim Rəvanə Həmzəyeva və Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Araşdırma İnstitutunda elmi fəaliyyət göstərən RPİ-nin əməkdaşları adından Mətləb Mirzəyev çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüb və xaricdə yaşayan soydaşlarımızın həmrəy olduğunu qeyd ediblər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.