RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.10.2020]

İnstitutun alimləri Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdiriblər

logo

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimləri milli ordumuza dəstək nümayiş etdiriblər.

Bu münasibətlə təşkil olunmuş iclasda giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov bildirib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək təmas xəttində yerləşən yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.

O.Səmədov qeyd edib ki, sözügedən genişmiqyaslı təxribata cavab olaraq hazırda Ali Baş Komandanın göstərişi ilə Azərbaycan Ordusu tərəfindən genişmiqyaslı əks-hücum əməliyyatları icra edilir. Uğurlu əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli yüksəkliklər işğalçılardan azad edilib, eləcə də Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirməkdə davam edir və hər birimiz inanırıq ki, tezliklə düşmən üzərində qələbə qazanaraq doğma Qarabağımızı azad edəcəyik.

İclasda çıxış edən digər alimlər də ordumuzun ruh yüksəkliyindən və peşəkarlığından danışıblar.

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xalqa müraciətində söylədiyi: “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!” fikri səsləndirilib və alimlər torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinə, igid Azərbaycan əsgərinə yeni-yeni uğurlar arzu ediblər, həmçinin daima dəstəyə hazır olduqlarını bildiriblər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.