RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[21.12.2020]

Radiasiya Problemləri İnstitutu cari ildəki fəaliyyətinə dair hesabat verib

21.02.2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika – Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) bu gün keçirilən onlayn iclasında bölməyə daxil olan Radiasiya Problemləri İnstitutu cari ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib.

Çıxış edən Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov əvvəlcə İnstitutun 2020-ci ildəki elmi fəaliyyətini əhatə edən aktual və strateji istiqamətlər haqqında məlumat verib. Qeyd edib ki, bu elmi istiqamətlər dünyəvi aktual elmi-texniki problem olaraq ionlaşdırıcı şüaların enerjisinin dinc və təhlükəsiz istifadəsi, termik üsullarla gedə bilməyən yüksək enerji tutumlu proseslərin radiasiya texnologiyalarının imkanlarından istifadə etməklə reallaşması, materialların xassələrinin tərkibi dəyişmədən idarə edilməsi, nanomateriallar daxil olmaqla yeni materialların alınması və radiasiyanın təsiri ilə xassələrində baş verən dəyişikliklərin öyrənilməsi, nüvə və radiasiya təhlükəsizliyinin elmi əsaslarının işlənməsi, respublikanın perspektiv enerji təhlükəsizliyinin təmini məqsədi ilə alternativ enerji mənbələrinin ehtiyatlarının qiymətləndirilməsi, enerji çevrilmələrinin effektiv üsullarının işlənilməsi məqsədlərinin həllinə yönəlib.

O.Səmədov çıxışında AMEA Ümumi yığıncağının 10 iyun 2020-ci il tarixli qərarında elmin inkişafı ilə bağlı qarşıya qoyulan bütün vəzifələrin, eyni zamanda FRTEB-nin qərarlarının vaxtında icra edildiyini, eləcə də “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlər çərçivəsində Ukrayna Milli Elmlər Akademiyasının Hüceyrə Biologiyası və Gen Mühəndisliyi İnstitutunun “Bitkilərin siqnal sistemlərinin biofizikası” laboratoriyası ilə birgə beynəlxalq laboratoriyanın yaradılmasına başlanıldığını iclas iştirakçılarının diqqətinə çatdırıb. Natiq qeyd edib ki, hesabat ilində elmin, təhsilin və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi istiqamətində Ukrayna Elm Təhsil Nazirliyinin İvan Franko adına Draqobiç Dövlət Pedaqoji Universiteti arasında birgə “Nanobiotexnologiya və funksional nanosistemlər” Elm Tədris Mərkəzi yaradılıb, İnnovasiya fəaliyyətinin genişləndirilməsi istiqamətində isə RPİ, NRYTN-nin Milli Nüvə Tədqiqatları Mərkəzi, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Russiya, Dubna) və ÇTU-nun Eksperimental və Tətbiqi Fizika İnstitutu (Çexiya, Praqa) ilə birgə Silisium əsaslı fotoelektron gücləndiricilərin parametrlərinin tədqiqi yerinə yetirilib, radioekoloji monitorinqin onlayn aparılması üçün müasir texnologiyadan istifadə etməklə qurğu hazırlanıb və test olunub (İnnovativ ionlaşdirici şüa qəbulediciləri laboratoriyası), eləcə də meşə, kənd təsərrüfatı əraziləri, faydalı qazıntı yataqları ərazilərinin monitorinqi üçün dron qurğusu hazırlanaraq sınağı keçirilib və alınan məlumatlar əsasında xəritələrin hazırlanması işinə başlanılıb.

Cari ildə Radiasiya materialşünaslığı (maye və qaz mühitlər daxil olmaqla), nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, radiobiologiya və ekoloji təmiz enegetikanın fundamental problemləri üzrə 4 problem, 12 mövzuya aid 23 elmi-tədqiqat işi aparıldığını, nəzərdə tutulan bütün işlərin yerinə yetirildiyini və bir sıra mühüm nəticələrin əldə edildiyini bildirən O.Səmədov daha sonra İnstitut alimlərinin nəşr fəaliyyətləri haqqında məlumat verib. Bildirib ki, hesabat ilində institutun əməkdaşları tərəfindən ümumilikdə 187 elmi iş çap edilib. Xarici jurnallarda 97, respublika mətbuatında 45, Web of Science nəşriyyatına daxil olan jurnallarda 64 məqalə dərc olunub. 2020-ci ildə institut əməkdaşlarının məqalələrinə 2207 istinad edilib, həmçinin institutun alimlərinin 1 monoqrafiyası və 1 kitabı nəşr olunub.

Dövri nəşrlər sahəsində institutun ingilis dilində nəşr etdiyi “Journal of Radiation Researchers” jurnalının 1-ci nömrəsi (V.7, N1) çapdan çıxıb, 2-ci nömrəsi isə çapa hazırlanıb. İnstitutun əməkdaşları Rusiya, Almaniya, ABŞ, Çin, Birləşmiş Krallıq, Ukrayna, Qazaxstan kimi ölkələrdə, o cümlədən Bakı, Gəncə, Sumqayıt şəhərlərində keçirilən Beynəlxalq konfranslara 45 (onlardan 40-ı xarici ölkə konfranslarında) məruzə təqdim edib və onlayn formatda çıxış ediblər.

Hesabat dövründə İnstitutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri nəticəsində ixtira səviyyəsində bir sıra mühəndis-texniki nəticələrin əldə edildiyini bildirən O.Səmədov RPİ-nin müxtəlif laboratoriyalarının əməkdaşlarının 2020-ci ildə biri Avrasiya, 3-ü yerli olmaqla 4 patent aldığını, eləcə də rəsmi bülletendə dərc olunmuş, dərcdə olan və ilkin ekspertizanın müsbət nəticəsi haqqında bildiriş alınmış 8 patent olduğunu diqqətə çatdırıb.

Radiasiya Problemləri İnstitutunun cari il üzrə hesabatında 2016-cı il aprel ayının 4-də AMEA Radiasiya Problemləri İnstitutu, RYTN Milli Nüvə tədqiqatları Mərkəzi, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və ZECOTEK İmaging System arasında bağlanmış Əməkdaşlıq müqaviləsi və Razılaşma Protokolunun müvafiq maddəsinə əsasən cari ildə görülən işlərdən bəhs edilib. İnstitutun direktoru O.Səmədov bildirib ki, 2020-ci ildə “İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri” laboratoriyası tərəfindən hazırlanan Mikropikselli Selvari Fotodiodların və Universitet tərəfindən hazırlanmış elektron blokları əsasında radiasiya detektor modulu birgə işlənib və test edilib.

Hesabatda 2020-ci ildə Ukrayna Elmi-Texniki Mərkəzi, Elmin İnkişafı Fondu və SOCAR-ın ümumilikdə 7 qrant layihəsi üzrə elmi tədqiqat işlərinin aparıldığı qeyd edilib.

İnstitutda yaradılmış “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun fəaliyyətindən də bəhs edən İnstitutun direktoru bildirib ki, bu xüsusi qrup yaş təyininin üç müxtəlif metodunu: Radiokarbon, Radiotermolüminessensiya və Elektron Paramaqnit Rezonans (EPR) metodlarını mənimsəyib və əhəmiyyətli nailiyyətlər əldə edib. Tədqiqatlar üçün lazım olan bütün cihaz və avadanlıqlar əldə olunub və sazlanıb. Qrup tərəfindən mənimsənilmiş bu üç metodun birgə tətbiqi arxeoloji qazıntılar zamanı tapılmış artefaktların demək olar ki, hamısını əhatə edir və alınmış nəticələrin düzgünlüyünü müqayisəli şəkildə yoxlamağa imkan verir. Bu artefaktların sırasına keramika və çini qablar, ağac və digər kömürləşmiş üzvi qalıqlar, skelet və ayrı-ayrı sümük qalıqları və s. daxildir.

O.Səmədov hesabat zamanı kadr hazırlığı məsələsinə toxunaraq bildirib ki, hazırda Radiasiya Problemləri İnstitutunda 4 magistrant, fəlsəfə doktorluğu hazırlığı üzrə 11 doktorant, 17 dissertant və elmlər doktorluğu hazırlığı üzrə 3 doktorant – (1əyani, 2 qiyabi), 10 dissertant təhsil alır.

2020-ci ildə AMEA Radiasiya Problemləri İnstitutunda fəlsəfə doktorluğu hazırlığı üzrə 5 doktorant, 2 dissertant, elmlər doktorluğu hazırlığı üzrə 2 dissertant və magistraturaya 1 magistrant qəbul olub.

Daha sonra fundamental elmlə təhsilin əlaqəsindən danışan O.Səmədov qeyd edib ki, Radiasiya Problemləri İnstitutunun alimlərinin rəhbərlik etdiyi şagirdlərin 12-14 fevral 2020-ci il tarixində keçirilmiş "Sabahın alimləri” IX Respublika müsabiqəsində müxtəlif nominasiyalar üzrə qaliblər sırasında olublar və müsabiqənin qalibləri ilə institutda görüş keçirilib.

2020-ci ilin fevral ayında AMİU-nun IV kurs tələbələri institutda təcrübə keçiblər. Bir ay davam edən təcrübədə məqsəd tələbələrin ali təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq dərinləşdirməsi, eyni zamanda, istedadlı gənclərdə elmə maraq oyadaraq gələcəkdə magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb etməkdir.

Hesabatda həmçinin İnstitutun beynəlxalq əlaqələr istiqamətində cari ildəki fəaliyyəti haqqında da məlumat verilib. Bildirilib ki, İnstitutun xarici ölkələrin aparıcı elmi mərkəzləri ilə elmi əlaqələri davam etdirilib. İnstitutun Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA, Vyana) ilə 2005-ci ildən başlayan əlaqələri Agentliyin Texniki Əməkdaşlıq Departamenti ilə icra edilir və RPİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 30 ölkəni və 100-dən artıq təşkilatı əhatə edən Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Tədris Şəbəkəsinə üzvdür.

Cari ildə İnstitutun “Ətraf mühit üçün zərərli faktorların fizika və kimyası” laboratoriyası dünya üzrə 292 laboratoriyanın iştirak etdiyi radionuklidlərin müxtəlif mühitlərdə təyin edilməsi üzrə Beynəlxalq Peşəkarlıq Testində müvəffəqiyyətlə iştirak edərək Azərbaycanı təmsil edib və Beynəlxalq Sertifikata layiq görülüb.

Hesabatda Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək, həmçinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq AMEA-nın Radiasiya Problemləri İnstitutunda dəfələrlə dezinfeksiya işləri aparıldığını diqqətə çatdıran O.Səmədov müvafiq tədbirlər çərçivəsində institut əməkdaşlarının inzibati binaya daxil olarkən girişdə quraşdırılmış dezinfeksiya vasitəsindən və tibbi maskadan istifadə etdiyini, eləcə də xüsusi cihaz vasitəsi ilə onların hərarətləri ölçüldüyünü və digər profilaktik maarifləndirici tədbirlərin görüldüyünü bildirib.

İnstitutun əməkdaşları “Evdə qal” kampaniyasına qoşularaq elmi fəaliyyətlərini izolyasiya şəraitində və onlayn şəkildə davam etdirirlər, eləcə də “COVİD-19” epidemiyası ilə bağlı Akademiyanın Science.gov.az veb-portalında, eləcə də ölkənin aparıcı dövlət və özəl KİV-də müntəzəm olaraq təbliğat xarakterli maarifləndirici məqalələrlə çıxış etməkdədirlər.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası və İnstitutun Qadınlar Şurasının hesabat ilindəki fəaliyyətinə də toxunan Oqtay Səmədov gənclərin təşkilatçılığı ilə 9 may 2020-ci il tarixində “Heydər Əliyev müasir Azərbaycan dövlətiçiliyinin memarı” və iyulun 12 də Erməni təcavüzkarlarının törətdikləri təxribat haqqında “Silahlı və ideoloıi təxribatlara qarşı ümummilli mübarizədə intelektual gəncliyin rolu” mövzusunda online konfrans keçirildiyini, eyni zamanda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 3-6 mart 2020-ci il tarixlərində Bakı şəhərində təşkil etdiyi “Gənc Alim və mütəxəssislərin II Beynəlxalq konfransı”nda da institut gənclərinin aktiv iştirak etdiyini diqqətə çatdırıb.

Həmçinin bildirilib ki, İnstitutun Qadınlar Şurasının təşəbbüsü ilə 10 fevral 2020-ci il tarixində İnstitut əməkdaşları və Yasamal rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) müxtəlif sahələr üzrə təyin olunmuş mütəxəssis həkimlərinin iştirakı ilə “Koronovirus xəstəliyi və ona qarşı ilkin proflaktiki tədbirlərin görülməsi”nə həsr olunmuş tədbir keçirilib, cari ildə AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ), Radiasiya Problemləri İnstitutunun (RPİ) Həmkarlar Təşkilatı və Qadınlar Şurası tərəfindən koronavirus pandemiyası dövründə ehtiyacı olan aztəminatlı əməkdaşlara ərzaq yardımı edilib.

O.Səmədov 2020-ci il üzrə hesabatda Vətən müharibəsi və ölkəmizin qazandığı şanlı zəfər haqqında da fikir bildirib, eyni zamanda qeyd edib ki, İnstitut Həmkarlar Təşkilatı və İnstitutun əməkdaşları Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədi ilə öz vəzifə maaşlarından könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna ianələr ediblər.

Hesabatın sonunda İnstitut əməkdaşlarının iştirak etdiyi mühüm tədbirlər, o cümlədən yubileylər, təltiflər və mükafatlar haqqında məlumat verilib. Bildirilib ki, cari ildə İnstitutun doktorantı Şahin Hacıyev Rusiyanın Saratov şəhərində keçirilən “Analytical Skills Development Cour (ASDC) mövzusunda keçirilən təlim kursunda, doktorant Rəna Xankişiyeva Rusiyanın Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda - MDB dövlətlərinin Beynəlxaq İnnovasiya Texnologiyalar Mərkəzində təcrübə kursunda, “Ətraf mühitə zərərli aktorların fizika və kimyası” laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov Avstriyanın Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agetliyin (AEBA) təşkil etdiyi “Nüvə analitik metodlardan istifadı etməklə Aralıq dənizi, Qara dəniz, Xəzər və Aral dənizində sahil idarəetmənin gücləndirilməsi” mövzusunda regional seminarda, “Radiokimya” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Xaqani Məmmədov ABŞ-nın Los Angelos şəhərində VI Beynəlxalq “Kataliz və kimya mühəndisliyi” konfransında və ABŞ-ın Birləşmiş Elm Qrupunun təşkil etdiyi “Onlayn neft mühəndisliyi toplantısı” adlı beynəlxalq konfransda, AMEA-nın Radiasiya Problemləri İnstitutunun “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyasının rəhbəri, eləcə də BMT-nin “Ətraf mühit” Proqramının eksperti, AMEA-nın müxbir üzvü İslam Mustafayev beynəlxalq video-konfransda iştirak edib.

Cari ildə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov BDU-nun 100 illiyi münasibəti ilə “Yubiley medalı” ilə təltif olunub, həmçinin İnstitutun “Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində yerləşən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin yekdil qərarı ilə sözügedən qurumun akademik üzvü seçilib və Türk dünyası elminin və təhsilinin inkişafında göstərdiyi yüksək xidmətlərinə görə sözügedən qurumun “Beynəlxalq Qızıl Ulduz Medalı” na və Diplomuna layiq görülüb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.