RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.03.2021]

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın qadın əməkdaşlarına təbriki

Ramiz Mehdiyev

Əziz xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, ailə səadəti və elmi fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan qadını hər zaman sədaqətliliyin və gözəlliyin rəmzi olmuş, əsrlər boyu öz mübarizliyi, fədakarlığı və müdrikliyi ilə seçilmiş, tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həllinə öz töhfələrini vermişdir. Azərbaycan cəmiyyətində qadının yeri daim uca tutulmuş, ən ali hörmətə, dəyərlərə layiq görülmüşdür. Tarixən mövcud olmuş milli adət-ənənələrimizin, eləcə də ana dilimizin qorunub saxlanılmasında, nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çıxmasında qadınlarımızın rolu danılmazdır.

Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkə olmuş, bu tarixi hadisəyə görə dünyanın bir sıra aparıcı dövlətlərini qabaqlamışdır.

Ölkəmizdə xanımlara verilən dəyər cəmiyyətdə özünəməxsus nüfuza malik olan dövlət xadimi, alim, pedaqoq, yazıçı, dramaturq, heykəltəraş, rəssam və bəstəkar qadınların yetişməsinə şərait yaratmışdır.

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin qorunub saxlanılması, beynəlxalq aləmdə tanıdılması istiqamətində yorulmaz fəaliyyəti xüsusilə təqdirəlayiqdir.

Bu gün Azərbaycan qadını həm də aktiv elmi fəaliyyəti ilə də seçilməkdədir. Dövlət Statistika Komitəsinin 2020-ci ilin əvvəlinə olan rəsmi məlumatına əsasən, Azərbaycanda elmi tədqiqat işləri ilə məşğul olanların sırasında qadınların ümumi payı 57,3 faiz təşkil edir.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının çoxminli kollektivi sırasında da qadınlar üstünlük təşkil edir və onlardan bir çoxu rəhbər vəzifələrdə çalışır. Belə ki, AMEA-nın elmi müəssisə və təşkilatlarından 9-nun rəhbəri qadınlardır. Qadın alimlərdən 7-si akademik, 10-u isə müxbir üzvdür. Bu gün qadın alimlərimiz sözün həqiqi mənasında elmimizin ön sıralarında yer alır və yeni elmi axtarışları, beynəlxalq layihələrdə fəal iştirakı ilə daim diqqət mərkəzindədirlər.

Əziz xanımlar!

Bir daha Sizi səmimi qəlbdən təbrik edir, elmi fəaliyyətinizdə uğurlar və şəxsi həyatınızda xoşbəxtlik arzulayıram!

Ramiz MEHDİYEV,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

© www.science.gov.az