RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[20.04.2021]

Professor Müslüm Qurbanovun 70 yaşı tamam olur

Müslüm Qurbanov

Bu gün Azərbaycanın tanınmış ekoloq alimlərindən biri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Müslüm Qurbanovun 70 yaşı tamam olur.

Müslüm Əhməd oğlu Qurbanov 1951-ci il aprel ayının 20-də Biləsuvar rayonu Təzəkənd kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonar Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə daxil olmuş, 1973-cü ildə universiteti bitirdikdən sonra Elmi Şuranın tövsiyəsi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Bölməsinin aspiranturasına daxil olmuşdur. 1974-1978-ci illərdə L.Y.Karpov adına Fizika və Kimya İnstitutunda və SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda aspirantura təhsilini davam etdirən alim, 1978-ci ildə Moskva Dövlət Universitetinin Kimya fakültəsində “Radiasiya kimyası” ixtisası üzrə elmlər namizədi dissertasiyasını müdafiə etmişdir.

Namizədlik dissertasiyası işini yerinə yetirərkən o, atom reaktorlarında qaz istilik daşıyıcısı kimi işlədilən karbon qazının müxtəlif üzvi birləşmələrlə birgə sistemini, radiasiya-kimyəvi çevrilmələrini tədqiq etmişdir. Alim sonrakı illərdə Radiasiya Tədqiqatları Bölməsində kiçik elmi işçi, elmi işçi, baş elmi işçi və qrup rəhbəri vəzifələrində çalışmışdır. 1978-1992-ci illərdə radiasiya kimyası və fotokimya sahəsində bu texnologiyaların ətraf mühitin ekoloji problemlərin həllinə tətbiqi üzrə kompleks elmi tədqiqat işləri aparmışdır. Tətqiqat işləri SSRİ Elmlər Akademiyası İ.Kurçatov adına Atom Enerjisi Institutu və Kimyəvi Fizika İnstitutu ilə birgə həyata keçirilmişdir. 1992-ci ildə "Fiziki kimya" ixtisası üzrə kimya elmləri doktoru alimlik dərəcəsi almışdır.

M.Qurbanov BMT-nin Sənaye İnkişafı Təşkilatının seminarları, İstanbul Texniki Universiteti, Mərmərə Tədqiqatlar Mərkəzi, ABŞ-ın Çikaqo Universitetinin Arqon Milli Laboratoriyası, Rusiya Kimyəvi Təhlükəsizlik Konfransı, TETRATECH Ətraf Mühit şirkəti və s. bu kimi bir sıra xarici elmi tədqiqat mərkəzlərində və beynəlxalq seminar və simpoziumlarda məruzə ilə çıxış etmişdir. O, həmçinin 2000-ci ildə Türkiyənin Mərmərə Tədqiqatlar Mərkəzində, 2001-ci ildə isə ABŞ-ın Meriland Universitetində elmi tədqiqat işləri aparmışdır.

M.Qurbanov bir sıra milli səviyyədə həyata keçirilən beynəlxalq layihələrin koordinatoru və aparıcı eksperti olmuşdur. Bu layihələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Energetika Nazirliyi (“AzərEnerji"ASC) tərəfindən həyata keçirilmişdir. Bundan əlavə bir sıra beynəlxalq təşkilatların - BMT-nin İnkişaf Proqramının, Sənaye İnkişafi Təşkilatının, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının və s. təşkilatların həyata keçirdiyi layihələrdə aparıcı ekspert, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sahə nazirlikləri ilə həyata keçirdiyi təlim proqramlarında radiasiya təhlükəsizliyi üzrə təlimçi ekspert kimi iştirak etmişdir.

Müslüm Əhməd oğlu Qurbanova 2013-cü ildə "Nüvə Kimyası" ixtisası üzrə professor elmi adı verilmişdir. Onun rəhbərliyi ilə kimya üzrə 7 fəlsəfə doktoru və l elmlər doktoru hazırlanmışdır.

Alim Radiasiya Problemləri İnstitutunda fəaliyyət göstərən ixtisaslaşmış Elmi Şuranın və İnstitut Elmi Şurasının, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Ekoloji Şuranın və bir sıra işçi qrupların üzvüdür.

Professor Müslüm Qurbanovu 70 illik yubileyi münasibətilə təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.