RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.05.2021]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələri qarşısında duran aktual məsələlər müzakirə olunub

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.

Tədbirdə FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəs­si­sələrin rəh­­bər­ləri, direktor müa­vin­lə­ri, el­mi katibləri, təh­sil, bey­nəlxalq və icti­maiy­yət­lə əlaqələr şö­bə­lə­ri­nin rəhbərləri, eləcə də həm­kar­lar, gənc alim və mü­tə­xəs­sis­lər şu­ra­la­rının sədrləri, eyni zamanda respublikanın bir sıra nazirliklərinin nəzdində olan elmi müəssisə və təşkilatların məsul şəxsləri və müvafiq mütəxəssisləri işti­rak ediblər.

Gündəliyə əsasən, əvvəlcə “Azərbaycanda LİDAR sistemlərinin tətbiqi perspektivləri” mövzusunda elmi məruzəni təqdim edən Azərbaycan Milli Aviasiya Akademiyasının (MAA) baş elmi işçisi, Avropa Elmlər Akademiyasının həqiqi üzvü, professor Kərim Allahverdiyev diqqətə çatdırıb ki, MAA-nın rektoru, akademik Arif Paşayevin rəhbərliyi ilə aparılan bu tədqiqatlar istər elmi-nəzəri və tətbiqi, istərsə də strateji cəhətdən mühüm əhəmiyyətə malikdir. Belə ki, geniş diapazonda atmosfer aerozollarının parametrlərinin təyini üçün nəzərdə tutulan LİDAR qurğusunun hazırlanması və Azərbaycan ərazisində istifadə edilməsi özündə böyük perspektivlər ehtiva edir. Atmosfer aerozollarının planetin radiasiya balansına və dolayısı ilə iqlim dəyişikliyinə təsirinin öyrənilməsində LİDAR qurğusundan istifadə tələb olunan dəqiqliyə cavab verir və Azərbaycan ərazisində belə bir sistemin qurulması olduqca vacibdir.

Alimin sözlərinə görə, son illər MAA-da LİDAR sistemlərinin yaradılması və onların elmi-nəzəri əsaslarının öyrənilməsi istiqamətində bir sıra mühüm nailiyyətlər əldə olunub. SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən elmi proqram çərçivəsində son 5 ildə aparılmış tədqiqatların nəticələri Web of Science elmi bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda 20-dən artıq elmi məqalə şəklində çap edilib, həmin əsərlərə 400-ə yaxın istinad olunub.

Qeyd olunub ki, hazırda tədqiq edilən layihə aktual problemə – atmosferin məsafədən monitorinqi və müasir texniki qurğunun avtomatlaşdırılmış lazer-lokator qurğusunun (LİDAR) hazırlanmasına həsr edilib. Layihədə təklif olunan LİDAR bu regionda maraqlı olan ölkələrin (Azərbaycan, Rusiya, İran, Türkmənistan, Qazaxıstan) cəlb olunması ilə Xəzər Regionunun Aerozol Monitorinqi üzrə LİDAR-lar Şəbəkəsi üçün baza rolunu oynaya bilər. Bu baxımdan, Azərbaycan Respublikası qeyd olunan istiqamət üzrə regionda elmtutumlu innovativ təşəbbüsün əsas müəllifi kimi çıxış edəcək potensiala malikdir.

Məruzə ətrafında aparılan müzakirələrdə akademiklər AMEA-nın vitse-prezidenti, FTEB-in Elmi şurasının sədri, Rasim Əliquliyev, Əli Abbasov, Nazim Məmmədov, Arif Həşimov, Adil Qəribov, AMEA-nın müxbir üzvləri Qurban Yetirmişli, Afiq Həsənov, Ramiz Alıquliyev, Vəli Hüseynov, Oktay Qasımov, AZAL QSC-nin xidmət rəisi Nazim Hüseynov, Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri, geologiya-minerologiya elmləri doktoru, dosent Ramidə Kərəmova çıxış edərək LİDAR sistemlərinin mühüm elmtutumli praktiki əhəmiyyətini yüksək dəyərləndiriblər, həmçinin rəy və təkliflərini səsləndiriblər.

FRTEB-in Ümumi yığıncağı son illərdə MAA-da LİDAR sahəsində aparılmış tədqiqatların tətbiqi nəticələrinin bəyənilməsi, “Çoxdalğalı LİDAR kompleksi” layihəsinin dəstəklənməsi və onun müzakirəsi üçün AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

Daha sonra akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə Tədbirlər planı haqqında tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, Tədbirlər planı özündə Lütfi Zadənin anadan olmasının 100 illiyinə və elmi irsinə həsr olunmuş “Soft Computing” üzrə səkkizinci Ümumdünya Konfransının təşkilini, Elm TV və “Təhsil” İnternet televiziyalarında dünya şöhrətli alimin həyatı və elmi yaradıcılığına həsr olunmuş silsilə verilişlərin təşkilini, science.az veb-portalında, “Elm”, “Azərbaycan müəllimi” qəzetlərində, “Azərbaycan məktəbi” jurnalında məqalələrin dərc edilməsini, digər mühüm tədbirlərin həyata keçirilməsini əks etdirir.

Onlayn iclasda çıxış edən akademik Fikrət Əliyev bildirib ki, Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın və Təhsil Nazirliyinin birgə Tədbirlər planına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, AMEA və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilən ölkəmizdə yeganə impakt faktorlu “Applied and Computational Mathematics” jurnalının “Fuzzy logic and its application to modelling epidemies: Co-ronavirus and beyond” mövzusunda, eləcə də “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının “Fuzzy Sets in Dealing with Imprecision and Uncertainty: Past and Future” mövzusunda xüsusi buraxılışları nəşr olunub.

Onun sözlərinə görə, adıçəkilən jurnalların xüsusi buraxılışlarının coğrafi arealı Fransa, Kanada, Polşa, ABŞ, Çex Respublikası, İngiltərə, Almaniya, İtaliya, İspaniya, Latviya, Belçika, Azərbaycan, Meksika, Kanada, Çin, Türkiyə, Tayvan, Hindistan, İran kimi ölkələri özündə birləşdirir.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanovun professor Lütfi Zadənin 100 illiyinə həsr edilmiş “İqtisadiyyatda qeyri-səlis modellər” adlı monoqrafiyası tədbir iştirakçılarına təqdim olunub. Qeyd olunub ki, “Springer” nəşriyyatında işıq üzü görən bu monoqrafiya sosial-iqtisadi sistemlərin təhlilində tətbiq oluna biləcək qeyri-səlis nəzəriyyənin üsullarının şərhinə həsr olunub.

Onlayn iclasda FRTEB-in elmi müəssisələrinin yeni strukturu da müzakirə olunub. Bununla bağlı çıxış edən akademik Rasim Əliquliyev vurğulayıb ki, son za­man­lar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə ölkəmizdə aparılan kompleks islahatlar, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin, “ağıllı” kənd və s. tipli yeni infrastruktur layihələrinin reallaşdırılması Azərbaycan alimlərinin, o cümlədən AMEA-nın qarşısında bir sıra mühüm vəzifələr qoyur. Həmin vəzifələrin icrası elmi fəaliyyətin müasir dövrün çağırışlarına və milli maraqlara müvafiq həyata keçirilməsini, bu sahədə geniş isla­hat­ların aparılmasını zəruri edir.

FRTEB-in Ümumi yığıncağı yekdilliklə məsələnin lehinə səs verərək müvafiq müəs­si­sə­lərin yeni strukturunu təsdiq edib. Həmçinin AMEA-nın Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, professor Müslüm Qurbanovun 70 illik yubileyinin qeyd olunmasını qərara alıb.

Daha sonra akademik Rasim Əliquliyev çıxış edərək müasir dövrün çağırışları və ölkəmizin sosial-iqtisadi, mədəni-mənəvi inkişafından irəli gələn vəzifələr kontekstində AMEA FRTEB-in Ümumi yığıncaq iclaslarında müzakirə olunması planlaşdırılan məsələlər haqqında öz mülahizələrini bölüşüb. Onun sözlərinə görə, FRTEB-in Ümumi yığıncaq iclaslarında elmi müəssisələrdə araşdırılan aktual elmi-nəzəri və praktiki problemlərin, dövlət siyasətinin icrası istiqmətində görülən işlərin, tətbiqi və innovativ sahədə həyata keçirilən fəaliyyətin vəziyyətinin müzakirəsi nəzərdə tutulur. Bununla yanaşı, elmlə təhsilin inteqrasiyasının, elektron elmin formalaşması və AzScienceNet şəbəkəsinin resurslarından istifadənin, habelə beynəlxalq əməkdaşlığın, icra olunan qrant layihələrinin, ictimaiyyətlə əlaqələrin və elmi biliklərin populyarlaşdırılmasının, dərc olunan elmi jurnalların keyfiyyətinin, gənc alimlərin əldə etdikləri elmi nailiyyətlərin diqqət mərkəzində saxlanılması, müzakirə olunaraq müvafiq hesabatların hazılanması olduqca vacib məsələlərdir.

Sonda bir sıra həlli vacib olan cari məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

© www.frteb.science.gov.az