RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.08.2021]

Radiasiya texnologiyaları kənd təsərrüfatında

Kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılması və onların keyfiyyətinin yaxşılaşdırılması inkişaf etmiş ölkələrdə əhalinin yalnız qida tələbatının və qida təhlükəsizliyinin deyil, həm də onların sosial tələbatlarının təmin olunmasında mühüm yerlərdən birini tutur. Bu məsələlərin uğurlu həlli isə yeni texnologiyaların tətbiq olunmasını tələb edir. Belə ki, bu günə qədər texnoloji üsul kimi istifadə olunan toxumların kimyəvi işlənmə üsulları insanların sağlamlığına mənfi təsir göstərməklə yanaşı, həm də ətraf mühitin çirklənməsinə səbəb olmuşdur. Əlavə olaraq, bu məqsədlə istifadə edilən toksiki maddələrin saxlanma çətinlikləri, həmçinin də kimyəvi və bioloji işlənmənin baha başa gəlməsi və s. kimi neqativ hallar daha effektiv, ekoloji cəhətdən daha təmiz texnologiyaların istifadə olunmasını tələb edir. Bu gün belə texnologiyalar içərisində ən perspektivlisi radiasiya texnologiyalarıdır.

Radioaktiv şüalanmanın təsir mexanizminə dair kifayət qədər elmi məlumatlar bazasının yaradılması bu gün iqtisadiyyatın bir çox sahələrində radiasiya texnologiyalarından istifadəni ön plana çəkib.

Ümumiyyətlə, kənd təsərrüfatı son illər radiasiya texnologiyalarının istifadə olunduğu mühüm sahələrdən birinə çevrilib. Bu gün kənd təsərrüfatında radioaktiv şüalanmadan bitkilərin məhsuldarlığının və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasının istifadəsinə dair uğurlu cəhdlər edilir.

Son illərin tədqiqatları göstərir ki, səpindən əvvəl toxumların müəyyən dozalarda γ-şüalarla işlənməsi kənd təsərrüfatı bitkilərinin boyatma və inkişafını sürətləndirə, vegetasiya periodunu qısalda, məhsuldarlığı artıra, məhsulun maya dəyərini kiçildə, bəzi hallarda isə hətta onun keyfiyyətini yaxşılaşdıra bilir. Məsələn, şəkər çuğundurunda şəkərin, dənli bitkilərdə zülalın, kartofda nişastanın, dərman bitkilərində alkoloidlərin, tərəvəz bitkilərində vitaminlərin miqdarının artmasına dair məlumatlar vardır.

Bu gün sadəliyi ucuz başa gəlməsi, həmçinin də təhlükəsizliyi ilə seçilən radiasiya texnologiyalarının kənd təsərrüfatında bitkilərin boyatma və inkişafının sürətləndirmək, vegetasiya müddətini qısaltmaq, məhsuldarlığı artırmaq, bəzən həm də məhsulun keyfiyyət göstəricilərini yaxşılaşdırmaq məqsədi ilə tətbiq olunan yeni texnologiya olmasına heç bir şübhə yoxdur.

Müxtəlif ölkələrin alimlərinin elmi tədqiqat işlərinin nəticələrindən aydın olur ki, səpindən əvvəl toxumların stimullaşdırıcı dozalarda şüalandırılması kartof, xiyar, noxud və pomidorun məhsuldarlığını 10-40%, qarğıdalının, buğdanın, lobyanın, günəbaxanın, düyünün, şəkər çuğundurunun, arpanın, kələmin və yerkökünün məhsuldarlığını isə, uyğun olaraq, 10-30%, 9-11%, 10%, 10-20%, 10-12%, 15-20%, 7-15%, 13-20%, 25-35% artıra bilir.

AMEA Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyasında, 2021 – 2025 – ci illər üçün “Radiasiya texnologiyalarından istifadəyə əsaslanan məhsuldar və ətraf mühitin ekstremal amillərinə davamlı strateji əhəmiyyətli bitki sortlarının alınması” mövzusunda elmi tədqiqat işlərinin aparılması planlaşdırılıb.

Tədqiqat işləri AMEA-nın Radiasiya Problemləri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutlarının və Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində aparılır.

Tədqiqat obyektləri olaraq Gəncə -160, Gəncə -182 və Gəncə - 183 pambıq sortları və Vüqar, Tərtər (bərk), Əkinçi 84, Nurlu 99 (yumşaq), Triticum monococcum, Triticum dicoccum (yabanı) buğda genotipləri seçilib.

Həm pambıq, həm də buğda toxumları AMEA Radiasiya Problemləri İnstitutunun “İzotop Mənşəli Şüa Mənbələri” Elmi-təcrübi kompleksində RUXUND-20000 qurğusunda Co-60 izotopunu köməyi ilə müxtəlif dozalarda qamma şüalarla işlənib. Bu məqsədlə pambıq toxumları üçün 5, 10, 50, 100, 200, 300, 400 Qr, buğda toxumları üçün isə 50, 100, 150, 200, 300, 400 və 500 Qr şüalanma dozaları seçilib (doza gücü bütün hallarda 0,342 Rad/san olub).

Şüalanmış pambıq toxumları nəzarət toxumlarla birlikdə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun “Texniki bitkilərin seleksiyası” şöbəsinin təcrübə sahəsində (Samux şəhəri), şüalanmış buğda toxumları isə nəzarət toxumlarla birlikdə Əkinçilik Elmi Tədqiqat İnsitutunun təcrübə sahəsində (Pirşağı qəsəbəsi) açıq tarla şəraitində əkilib.

Pambığın ilkin vegetasiya dövrünə (09.07.2021) dair tədqiqatların nəticələri göstərir ki, fenoloji müşahidələr hər üç sortun aşağı dozalarda normal inkişaf etdiyini, 200 Qr –dən yuxarı dozalarda isə bitkilərin inkişafının ləngiməsini və normal çıxış verməməsini göstərib. Yüksək dozalarda bitkilər həm də seyrək yetişib və əsas gövdə ilə müqayisədə yan budaqlar daha çox inkişaf ediblər.

Pambığın orta vegetasiya dövrünə (25.08.2021) dair müşahidələr göstərib ki, kollar üzərində qozalar əmələ gəlib və bəziləri hətta məhsul da verib.

Qozalarının sıxlığının və sayının, həm də bitkilərin məhsulvermə qabiliyyətinin nəzarət (toxumları şüalanmamış) bitki ilə müqayisəli şəkildə öyrənilməsi radiasiya amilinin bu prosesdə rolunu aydınlaşdırmağa imkan verəcəkdir.

İlkin nəticələr pambığın məhsuldarlığının radioaktiv şüalanma dozasından asılılığına dair fikir söyləməyə əsas verir.

Hal-hazırda bitkilərin üzərində fenoloji müşahidələr aparılması davam edir.

© www.science.gov.az