RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.09.2021]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə İnstitut üzrə elmi tədqiqat işlərinin vəziyyəti və hesabatlara hazırlıq, eyni zamanda əmək və icra intizamı haqqındakı məsələlərə baxılıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiyanın hazırlanması haqqında” Qərarı, həmçinin AMEA-nın sonuncu Ümumi yığıncağının 1/1 saylı qərarının icrasından irəli gələn vəzifələr haqqındakı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Elmi Şuranın iclasında daha sonra Radiasiya Problemləri İnstitutunda keçirilməsi nəzərdə tutulan Elmi Tədbirlər (Elmi Konfranslar) planı haqqında, 2020-ci il üçün dissertantura və doktoranturaya qəbul edilmiş doktorant və dissertantların fərdi iş planlarının təsdiqi, eləcə də 2021-ci il üçün dissertantura və elmlər doktoru hazırlığı üzrə doktoranturaya sənədləri qəbul edilmiş iddiaçıların təsdiqi haqqındakı məsələlər müzakirə olunub.

Sonda İnstitutun “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasında aparıcı elmi işçi vəzifəsinə 9 iyul 2021-ci il tarixində “ELM” qəzetində elan olunmuş müsabiqənin iştirakçısı, fizika üzrə fəlsəfə doktoru, dosent Məlikova Sevinc Zellabdin qızı üçün gizli səsvermə keçirilib, həmçinin İnstitut üzrə cari məsələlərə baxılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.