RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.10.2021]

FRTEB-in Ümumi yığıncağında enerji təhlükəsizliyinin aktual elmi-praktiki problemləri və həlli yolları müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.

Tədbirdə FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin baş direktorları və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, eyni zamanda mavafiq dövlət qurumlarının nümayəndələri və nazirliklərin nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların məsul şəxsləri, Türkiyə, Almaniya, Danimarka və Norveçdən olan mütəxəssislər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları akademik Ənvər Nəhmədovun və professor Oqtay Nüsrətovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Onlayn iclasın gündəliyində yer alan ilk məsələ AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimovun və “Azərenerji” ASC-nin “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”nun baş elmi işçisi, AMEA-nın Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi Şuranın üzvü, professor Nəriman Rəhmanovun “Enerji təhlükəsizliyinin aktual elmi-praktiki problemləri və həlli yolları: bərpa olunan enerji mənbələri ilə paylanmış generasiyalı hibrid sistemlərin qurulması (Qarabağ-Zəngəzur zonası üçün mikro-sistemlərdə günəş və külək enerjisi ehtiyatlarından istifadə)” mövzusunda elmi məruzəsi olub.

Azərbaycan Respublikasında enerji təhlükəsizliyinin mövcud vəziyyətindən danışan akademik Arif Həşimov qeyd edib ölkəmizdə bərpa olunan enerji mənbələri geniş spektrə malikdir.

AMEA-nın akademik-katibi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin enerji məsələləri ilə bağllı müxtəlif illərdə imzaladığı Sərəncamları və Dövlət Proqramlarını xatırladıb: “Ölkəmiz üçün taleyüklü əhəmiyyət kəsb edən bu Sərəncamları rəhbər tutaraq, AMEA, Azərbaycan Respublikasının Energetika Nazirliyi, “AzərEnerji” ASC və digər aidiyyatı qurumlar tərəfindən bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilib. Və bu istiqamətdə işlər davam etdirilir” – deyə akademik vurğulayıb.

Akademik Arif Həşimov qeyd edib ki, elektrik enerji sisteminin transformasiyasının ən vacib istiqamətlərindən biri də ucqar yerlərdə tələbatı ödəmək üçün böyük miqdarda bərpa olunan mənbələrə malik paylanmış generasiya texnologiyasının sürətlə tətbiq edilməsidir.

Professor Nəriman Rəhmanov, öz növbəsində enerji təhlükəsizliyinin aktual elmi-praktiki problemləri və həlli yolları, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları üçün bərpa olunan enerji mənbələrinin potensialının araşdırılmasının nəticələri barədə çıxış edib.

Alim bildirib ki, hazırda Qarabağ və Zəngəzurun coğrafi və iqlim şəraiti üçün xarakterik olan bərpa olu­nan enerji mənbələrinin qiymətləndirilməsinin təhlili aparılır. Onun sözlərinə görə, hava para­metr­lərinin uzunmüddətli ölçülərinin, eləcə də digər növ bərpa olunan enerji mənbələrinin təhlil­lə­ri­nin nəticələri göstərir ki, Qarabağ və Zəngəzur iqtisadi zonalarının rayonlarında ən çox enerji po­ten­sialı günəş və külək enerjisidir. Bu zonalarda Günəş enerjisi mənbəyi külək enerjisi ehtiyatlarını xeyli üstələyir.

Professor N.Rəhmanov, həmçinin ucqar yaşayış məntəqələrində özəl enerji təchizatı hibrid sisteminin yaradılmasının iş mərhələlərindən də söhbət açıb.

Onlayn iclasda çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri, akademik Rasim Əliquliyev bir neçə gün öncə BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin videoformatda çıxışına istinad edərək ölkə başçısının Qarabağı və Şərqi Zəngəzuru Yaşıl Enerji Zonası elan etməsi, Azərbaycanın azad olunmuş ərazilərinin bərpa olunan enerji potensialı barədə səsləndirdiyi fikirlərə diqqət çəkib.

Akademik Rasim Əliquliyevin sözlərinə görə, qlobal iqlim dəyişiklikləri ilə bağlı müasir çağırış­la­r, eləcə də cənab Prezidentin diqqət mərkəzində saxladığı Yaşıl Enerji siyasəti alimlərimizin qarşısında mü­hüm vəzilər qoyur və ölkəmizin enerji təhlükəsizliyi məsələlərinə kompleks yanaşmanı tələb edir. Alim qeyd edib ki, Respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi, bərpa olunan enerji mənbələrinin ilə bağlı smart sistemlərin qurulması, bu istiqamətdə elmi tədqiqat işlərinin aparılması, eləcə də, kadr hazırlığının həyata keçirilməsi və s. kimi məsələlər, “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi üzrə Milli Strategiyası”nın hazırlanması zərurətini qarşıya qoyur.

Bundan əlavə, akademik Rasim Əliquliyev enerji təhlükəsizliyinin aktual elmi-praktiki problemlərinin, onların həlli yollarının müzakirəsi, həmçinin ölkəmizin bərpa olunan enerji potensialının multidissiplinar tədqiqi, bu sahədə fəaliyyət göstərən müvafiq tədqiqat qurumları ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə elmi-praktiki konfransların, seminar və görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.

Akademik Rasim Əliquliyevin həmçinin onu da vurğulayıb ki, ölkəmizin geopolitik maraqları, cənab Prezidentin bu istiqamətdə yürütdüyü siyasət tələb edir ki, enerji təhlükəsizliyi sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilsin.

Məruzə ətrafında aparılan müzakirələrdə Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, aka­de­mik Adil Qəribov, Türkiyənin Qazi Universitetinin professoru Cengiz Taplamacıoğlu, akademiklər – Fikrət Əliyev, Cavad Abdinov, AMEA-nın müxbir üzvləri – Oktay Qasımov və Namiq Cəlilov çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

İclasda aparılan müzakirələrin nəticələri və görülən işlər barədə AMEA-nın Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi Şuranın Tədbirlər Planının icrasına dair hesabatda məlumat verilməsi, müzakirə olunan elmi istiqamətlər üzrə qabaqcıl beynəlxalq elmi mərkəzlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu sahədə kadr hazırlığının həyata keçirilməsi, multidissiplinar elmi tədqiqatların aparılması, həmçinin konfrans və seminarların təşkil edilməsi qərara alınıb.

Elmi monoqrafiyalarla bağlı məsələləri müzakirə edən FRTEB-in Ümumi yığıncağı akademik Adil Qəribovun “Praktiki neytron və nüvə reaktor fizikası. Nüvə enerjisinin istifadəsi: durum, problemlər və perspektivlər” kitabının, həmçinin fizika elmləri doktoru Cabir İsmayılov və fizika üzrə fəlsəfə doktoru Elmar Əsgərovun “Dalğalar və nüvə enerjisi” monoqrafiyasının nəşr olunması barədə vəsatət qaldırılması üçün qərarlar qəbul edib.

Daha sonra FRTEB-in Ümumi yığıncağında akademik Məhəmməd Mehdiyevin və AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin 80 illik, AMEA-nın müxbir üzvləri Misir Mər­da­novun 75 illik və Məsumə Məmmədovanın 70 illik yubileyləri ilə əlaqədar məsələlər müzakirə edilib.

Bu barədə çıxış edən FRTEB-in üzvləri hər bir yubilyarın elmimizə bəxş etdiyi mühüm töhfələrdən və nəcib insani keyfiyyətlərindən bəhs ediblər. Qərara alınıb ki, adıçəkilən alimlərin yubileyinin keçirilməsi barədə AMEA-nın Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılsın.

FRTEB-in Ümumi yığıncağı AMEA-nın Radiasiya Problemləri İnstitutunun vəsatətinə əsasən “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” mövzusunda Respublika elmi-texniki konfransının keçirilməsi haqqında qərar qəbul edib. Bu barədə məlumat verən AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru, müxbir üzv İslam Mustafayev qeyd edib ki, konfransın mövzusunu “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər” sənədində icrası nəzərdə tutulan işlər təşkil edir.

Onlayn tədbirdə qəbul edilən digər qərarlara əsasən, AMEA-nın Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri və aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova, eləcə də institutun kiçik elmi işçisi və fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Asif Əsədov Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam edilirlər.

FRTEB-in Ümumi yığıncağı, həmçinin bir sıra kadr məsələlərinə aid müvafiq qərarlar qəbul edib.

Sonda həlli vacib olan cari məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

© www.frteb.science.gov.az