RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.11.2021]

İnstitutda “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda RPİ-nin Qadınlar Şurası ilə birgə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətənin ərazi bütövlüyü uğrunda canlarını qurban vermis şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən RPİ-nin İcraçı direktoru və Qadınlar Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü - Zəfər Günü münasibəti ilə İnstitutun çoxsaylı kollektivini rəhbərlik adından təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzu edib.

44 günlük Vətən müharibəsində ən müasir hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazdığını diqqətə çatdıran Rəvan Mehdiyeva bu möhtəşəm qələbənin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, vətənpərvər, qəhrəman Azərbaycan əsgəri və zabitlərinin mühüm pay sahibi olduğunu qeyd edib.

Məhz, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ildırımsürətli müharibə planı ilə hərəkət edən rəşadətli Azərbaycan ordusu döyüşlərin başladığı ilk gündən strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabr ayının 8-də Qarabağın ürəyi Şuşanın azad olunması ilə Ali Baş Komandanımızın rəhbərlik etdiyi müzəffər ordumuz düşməni növbəti dəfə böyük məğlubiyyətə uğratdı və onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu. 44 gün ərzində böyük Qələbəyə nail olan ordumuz 30 ilə yaxın erməni faşistlərinin tapdağı altında qalan torpaqlarımızı azad etdi. Xalqımız da “dəmir yumruq” kimi birləşərək Prezidentimizə, ordumuza daim dəstək oldu və Azərbaycanın gücü, qüdrəti bütün dünyaya bəyan olundu.

Azərbaycan Ordusunun Ermənistan üzərində qələbəsinin regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan R.Mehdiyeva bildirib ki, Vətən müharibəsində ordumuzun misilsiz qələbələri ilə yanaşı, ölkə rəhbərinin apardığı diplomatik mübarizə, dünyanın nüfuzlu media orqanlarına verdiyi müsahibələr də Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mənəvi dəstəyi və mühüm xidmətləri xalqımızda böyük ruh yüksəkliyi yaradıb.

Tədbirin sonunda Zəfər Gününə həsr edilən videoçarx nümayiş olunub və İnstitutun foyesində sərgilənən Zəfər stendlərinə baxış keçirilib.

Qeyd edək ki, tədbir COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınaraq təşkil edilib və iştirakçıların sağlamlığını qorumaq üçün zəruri tədbirlər görülüb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.