RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.11.2021]

Rusiya Elmlər Akademiyası prezidentinin Azərbaycan elmi ictimaiyyəti ilə görüşü keçirilib

Ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Azərbaycan Milli Elmlər Akademiyasında respublika elmi ictimaiyyəti ilə görüşü keçirilib.

Rusiya Elmlər Akademiyasının nümayəndə heyətinə REA-nın vitse-prezidenti, akademik Yuriy Baleqa, prezidentin müşaviri, hüquq elmləri doktoru Rəşad Qurbanov, prezidentin Katibliyinin rəisi Valeriya Belyanina və REA-nın Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Olqa Qluxovtseva daxil idi.

Əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Nümayəndə heyəti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri düzüblər.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

AMEA Rəyasət Heyətinin böyük konfrans zalında təşkil olunan görüşdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyətinin aparat rəhbəri və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbirdə qədim tarixə və zəngin mədəniyyətə malik Rusiya ilə Azərbaycan arasında qarşılıqlı siyasi, mədəni, iqtisadi əlaqələrin tarixi barədə məlumat verilib, bu münasibətlər içərisində elm və təhsil sahəsindəki əlaqələrin mühüm mövqeyə malik olduğu vurğulanıb.

Qeyd olunub ki, Rusiya elmi ilə qarşılıqlı əlaqələr nəticəsində 1945-ci ilin mart ayında Azərbaycan Elmlər Akademiyası təsis olunmuş, onun təşəkkülündə, milli elmi kadrların hazırlanmasında dünya şöhrətli rus alimləri fəal iştirak etmişlər. Həmçinin Akademiya ilə REA arasında müstəqillik illərində fundamental, tətbiqi, təbiət, humanitar və sosial elm sahələrinin bütün istiqamətləri üzrə əməkdaşlığa dair 60-dan artıq sənədin imzalandığı vurğulanıb, AMEA əməkdaşlarının iki ölkənin elm fondları tərəfindən elan edilən müsabiqə çərçivəsində 20-dən çox layihəni həyata keçirdiyi bildirilib.

Daha sonra Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev qonaqları salamlayıb, onları Azərbaycanın ən böyük elm ocağı olan AMEA-da görməkdən məmnun olduğunu deyib. REA-dan olan nümayəndə heyətinin ölkəmizə sonuncu rəsmi səfərinin 2019-cu ilə təsadüf etdiyini xatırladan akademik iki il ərzində Azərbaycanda kardinal dəyişikliklərin baş verdiyini, Azərbaycanın öz tarixi inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyduğunu bildirib. O, bu dəyişikliyin əsasında Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin dayandığını qeyd edib.

AMEA rəhbəri vurğulayıb ki, hazırda ölkənin yeni inkişaf xəttinə uyğun olaraq Elmlər Akademiyasında “2022-2030-cu illər üzrə Azərbaycanda elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya” hazırlanıb və onun icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.

Akademik R.Mehdiyev Azərbaycanın qonşu ölkələrlə hərtərəfli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm verdiyini, bu ölkələr arasında Rusiyanın xüsusi yeri olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, zəngin mədəni dəyərlərə, sabitləşmiş elmi təcrübə və ənənələrə, orijinal humanitar resurslara malik Rusiya ilə humanitar və mədəni əlaqələr, o cümlədən elmi əməkdaşlıq Azərbaycan üçün olduqca önəmlidir.

“Qədim və zəngin elmi ənənələri olan Azərbaycan elminin son iki yüz illik tarixi Rusiya elmi düşüncəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində inkişaf etmişdir”, - deyə bildirən AMEA prezidenti bu əlaqələrin xüsusən sovet hakimiyyəti illərində vahid akademik sistem daxilində daha sıx olduğunu vurğulayıb. Akademik R.Mehdiyevin sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursa uyğun olaraq, Rusiya ilə siyasi, iqtisadi, mədəni əlaqələr, o cümlədən elmi əməkdaşlıq yeni keyfiyyətdə davam etmişdir.

Akademik R.Mehdiyev bugünkü görüşün keçirilməsinin Rusiya-Azərbaycan elmi əlaqələrinin inkişaf etdirilməsi baxımından vacibliyini vurğulayıb. Tədbirdə imzalanması nəzərdə tutlan “Elm, innovasiya və təhsil sahələri üzrə Rusiya-Azərbaycan Yol Xəritəsi”nin REA ilə elm, təhsil və texnologiyalar sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və hər iki tərəf üçün prioritet hesab olunan sahələr üzrə uzunmüddətli elmi əlaqələrin gücləndirilməsində böyük əhəmiyyətə malik olacağını qeyd edib. AMEA rəhbəri əlavə edib ki, hər iki ölkə üçün aktual olan prioritet fəaliyyət sahələrinin müəyyənləşdirilməsi, gənc istedadların və alimlərin dəstəklənməsi məsələləri də Yol Xəritəsində əsas istiqamətləri təşkil edir.

R.Mehdiyev ölkənin yeni sosial-iqtisadi və mədəni-mənəvi inkişaf konsepsiyasına uyğun olaraq hazırda ciddi islahatlar və modernləşmə mərhələsində olan Azərbaycan elmində Rusiya ilə elmi əlaqələrin inkişaf etdirilməsinin bundan sonra əsas istiqamətlərdən birini təşkil edəcəyini, bu gün təməli qoyulan əməkdaşlıq istiqamətləri üzrə kompleks tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirən akademik Aleksandr Sergeyev dünən Prezident İlham Əliyevlə görüşdüyünü, həmin görüşün iki ölkə arasında elmi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Akademik A.Sergeyev Rusiya və Azərbaycan arasında mövcud olan zəngin tarixə malik dostluq və səmərəli tərəfdaşlıq əlaqələrindən danışıb. O, Azərbaycana səfərinin əsas məqsədinin ikitərəfli elmi əlaqələrin möhkəmləndirilməsi, daha da genişləndirilməsi və perspektivlərin müzakirəsindən ibarət olduğunu qeyd edib.

REA prezidenti son illər ərzində AMEA ilə müxtəlif elmi istiqamətləri, xüsusən də təbiət və texniki elmlərini əhatə edən çoxsaylı sazişlərin icra olunduğunu bildirib. Akademik A.Sergeyev bu əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün yeni sənədin qəbul edilməsi zərurəti yarandığını bildirib. O, bu məqsədlə bugünkü tədbirdə imzalanması nəzərdə tutulan “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin hər iki ölkənin elmi qurumlarının gələcək əlaqələrinin inkişafında böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Akademik A.Sergeyev ölkələr arasında elmi əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə, birgə elmi tədqiqatların aparılacağına əminliyini bildirib.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvü, akademik Gövhər Baxşəliyeva, REA-nın vitse-prezidenti, akademik Yuriy Baleqa, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək görüşün əhəmiyyətini vurğulayıb, gələcəkdə multidissiplinar xarakter daşıyan bir çox istiqamətlərdə birgə aparılacaq tədqiqatlara dair təkliflər irəli sürüblər.

Daha sonra “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin imzalanma mərasimi keçirilib.

Sənədi REA-nın prezidenti, akademik A.Sergeyev və AMEA-nın prezidenti, akademik R.Mehdiyev imzalayıblar.

Yol Xəritəsinə əsasən, iki qurumun milli və beynəlxalq sazişlər çərçivəsində qabaqcıl elmi və texnoloji istiqamətlər üzrə fəaliyyətlərini intensivləşdirməsi və genişləndirməsi planlaşdırılır. Həmçinin elm və təhsil qurumlarının iştirakı ilə birgə perspektiv və prioritet elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji işlərin intensivləşdirilməsinə, ikitərəfli proqram və təşəbbüslərin həyata keçirilməsi vasitəsilə hər iki ölkədə müştərək elmi tədqiqatlara dəstək veriləcək, beynəlxalq elmi-tədqiqat mərkəzinin yaradılması istiqamətində işlər görüləcək.

Bununla yanaşı, elmi-tədqiqat və təhsil müəssisələrinin tələbə, gənc alim və mütəxəssislərinin mübadiləsi, akademik mobilliyin inkişaf etdirilməsi, mobilliyi dəstəkləmək üçün milli və ya beynəlxalq proqramların imkanlarından istifadə edərək ikili diplom proqramlarının yaradılması, elmlər akademiyalarının struktur bölmələri arasında institusional dialoqun inkişafının təşviqi də Yol Xəritəsində nəzərdə tutulan istiqamətlərdəndir.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan elmi ictimaiyyətinin bugünkü görüşünün olduqca səmərəli əməkdaşlıq şəraitində keçdiyini bildirib.

O, Rusiya ilə Azərbaycan arasında mövcud tarixi əlaqələrin, hazırkı şəraitdə olan mehriban qonşuluq münasibətlərinin, dövlətlərimiz arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələrin elm sahəsində də əməkdaşlığımız üçün möhkəm zəmin yaratdığını qeyd edib, bu imkanlardan istifadə etməyin, elmi əməkdaşlıq əlaqələrimizi bundan sonra daha da möhkəmləndirməyin önəminə toxunub.

“Elm, innovasiya və təhsil sahəsində Rusiya-Azərbaycan Yol Xəritəsi”nin gələcək əməkdaşlıq üçün yeni imkanlar açdığını deyən AMEA prezidenti əlavə edib ki, Yol Xəritəsinin arzu olunan səviyyədə funksionallaşması, yeni əməkdaşlıq perspektivlərini müəyyənləşdirən sənədə çevrilməsi hər iki tərəfin qarşılıqlı səylərindən bilavasitə asılıdır: “Bunun üçün biz səylərimizi daha da gücləndirməliyik. Əlaqələrin daha da sıxlaşdırılmasına, görülən işlərin intensivləşdirilməsinə, qarşılıqlı kadr mübadiləsinin gücləndirilməsinə nail olmalıyıq”.

AMEA rəhbərinin sözlərinə görə, müasir şəraitdə informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı iki qurum arasında əməkdaşlıq üçün olduqca böyük imkanlar yaradır. Akademik R.Mehdiyev bu baxımdan ikitərəfli və çoxtərəfli virtual konfransların və müzakirələrin reallaşdırılmasının olduqca əlverişli nəticələr verə biləcəyini qeyd edib, iki qurumun imkanlarından qarşılıqlı olaraq daha çox faydalana bilmək üçün yeni modellərin tətbiqinin zəruriliyini qeyd edib.

“Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin əhəmiyyətindən danışan akademik Aleksandr Sergeyev sənədin birgə qabaqcıl elmi və texnoloji tədqiqatların təşviqi, hər iki ölkə üçün aktual olan prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi, gənc alimlərə və istedadlara dəstək göstərilməsi baxımından böyük imkanlar açacağını söyləyib.

REA prezidenti Yol Xəritəsinin alimlərin mobilliyinin optimallaşdırılması, eləcə də hər iki ölkənin elm, innovasiya və təhsilinin cəmiyyətə və iqtisadiyyata inteqrasiyasının həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

A.Sergeyev Yol Xəritəsinin elmlə cəmiyyət arasında əlaqələrin inkişafında strateji əhəmiyyətini önə çəkərək bu istiqamətdə birgə təşəbbüsləri dəstəklədiyini ifadə edib.

Daha sonra REA prezidenti, akademik A.Sergeyev rəhbərlik etdiyi qurumun xatirə medalını AMEA-nın prezidenti, akademik R.Mehdiyevə təqdim edib.

Görüş tədbirin bəyannaməsinin qəbul olunması ilə başa çatıb.

© science.gov.az