RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.12.2021]

AMEA-da “Ümummilli Lider Heydər Əliyev: müstəqil dövlətçilik, müdriklik və müasirlik” mövzusunda konfrans keçirilib

Dekabrın 8-də AMEA Rəyasət Heyətində “Ümummilli Lider Heydər Əliyev: müstəqil dövlətçilik, müdriklik və müasirlik” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev hər il Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsində respublikamızın müxtəlif qurumlarında, ölkə hüdudlarından kənarda, eləcə də AMEA-da silsilə tədbirlərin keçirildiyini, dahi şəxsiyyətin xatirəsinin böyük minnətdarlıq hissləri ilə, dərin ehtiramla yad edildiyini bildirib.

O, 40 ilə yaxın Azərbaycan Respublikasına rəhbərlik etmiş və xalqımızın qəlbində əbədi məskən salmış görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanı keçmiş ittifaqın inkişaf etmiş respublikaları sırasına çıxardığını vurğulayıb.

“Heydər Əliyev uzaqgörən dahi şəxsiyyət kimi hələ Sovet hakimiyyəti illərində Azərbaycanda milli mədəniyyəti və ədəbiyyatı, incəsənətin müxtəlif sahələrini, tarix elmini inkişaf etdirməklə milli şüurun, azərbaycançılıq təfəkkürünün formalaşdırılması sahəsində böyük xidmət göstərmişdir”, - deyə AMEA prezidenti qeyd edib. Akademik R.Mehdiyev bildirib ki, görkəmli şəxsiyyət Heydər Əliyevin Azərbaycan ədəbiyyatı klassiklərinin həyatı və yaradıcılığının əsaslı şəkildə tədqiq olunması, əsərlərinin nəşri, dünya dillərinə tərcümə edilməsi, adlarının əbədiləşdirilməsi istiqamətində atdığı qətiyyətli addımlar ölkəmizin tarixində silinməz izlər buraxıb.

AMEA rəhbəri qeyd edib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olunub.

O, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq, müstəqil dövlətçilik ideallarının bu gün ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. R.Mehdiyevin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyəti, sərkərdəlik məharəti və güclü iradəsi ilə müstəqil Azərbaycan Respublikasını yeni tarixi mərhələyə çatdırmışdır.

“Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda qazanılmış tarixi Zəfər ölkəmizdə müstəqil dövlətçiliyin böyük təntənəsidir”, - deyə bildirən akademik R.Mehdiyev Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin bu gün Azərbaycanı bütün sahələr üzrə inkişaf etmiş güclü dövlətlərdən birinə çevirdiyini vurğulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyevin dövlətçilik təliminin siyasi təməlləri və hədəfləri” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, Heydər Əliyevin ictimai-siyasi baxışları, çoxcəhətli dövlətçilik fəaliyyətinə dair mükəmməl modellər bütün dünyada öyrənilir. O, bu dövlətçiliyi şərtləndirən bir sıra mühüm prinsiplər barədə məlumat verib.

Məruzəçi qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki mərhələsində güclü dövlət yaratmaq amili ilk yerdə dayanmışdır. Ulu Öndər 1978-ci ildə Azərbaycan müstəqilliyi üçün çox zəruri olan Konstitusiyanın qəbul olunmasına nail olmuşdur. O, Azərbaycan xalqının milli və dövlətçilik maraqlarını üstün tutmuş, həmçinin Azərbaycan dilinin milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilməsində böyük rola malik olmuşdur.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, Ümummilli Lider siyasi hakimiyyətinin ikinci dövründə, 1995-ci ildə uzun müzakirələrdən sonra müstəqil Azərbaycan dövlətinin Konstitusiyasını təsdiq etmiş, beləliklə, Azərbaycan müstəqillik qazanmış MDB ölkələri arasında Konstitusiyası olan ilk dövlətlərdən biri olmuşdur. Bu, digər ölkələrin öz konstitusiyasını yaratması üçün zəmin rolunu oynamışdır.

Heydər Əliyevin ölkəmizi yox olmaq təhlükəsindən xilas etdiyini vurğulayan akademik İ.Həbibbəyli görkəmli şəxsiyyətin ağır bir şəraitdə müstəqil dövlətimizi yenidən qurduğunu, daima “güclü dövlətin güclü iqtisadiyyatı olmalıdır” tezisi ilə çıxış edərək iqtisadiyyat sahəsində uğurlu islahatlar apardığını vurğulayıb. Əlavə edib ki, Ulu Öndərin imzaladığı “Əsrin müqaviləsi” iqtisadiyyatımızın inkişaf etdirilməsində böyük rol oynamışdır. Akademik hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

Vitse-prezident Sovet İttifaqı dönəminin ağır şərtlərinə baxmayaraq xalqımızda vətənpərvərlik hisslərinin aşılanmasında, azərbaycançılıq ideologiyasının əsasının qoyulmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərini diqqətə çatdırıb. Bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Sovet hakimiyyəti dövründə azərbaycançılıq istiqamətində, milli-mənəvi dəyərlərin inkişafı fonunda apardığı mübarizə Azərbaycan xalqının gələcək müstəqilliyə hazırlanmasında mühüm rol oynamışdır.

Akademikin sözlərinə görə, Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu dövrdə dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmiş, bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazanmışdır.

İ.Həbibbəyli müstəqil və uzaqgörən xarici siyasətin həyata keçilməsinin də Heydər Əliyevin dövlətçilik modelinin əsasını təşkil etdiyini qeyd edib. O, bu gün ölkə Prezidenti İlham Əliyevin müstəqil xarici siyasət aparmağın mükəmməl nümunəsini nümayiş etdirdiyini diqqətə çatdırıb.

“Ulu Öndər Heydər Əliyev üçün ictimai-siyasi sabitliyin qorunub saxlanması hər zaman vacib şərtlərdən biri olmuşdur”, - deyən akademik ölkəmizdə bu sabitliyin bərpa olunması ilə 1995-ci ildən bir çox sahələrdə inkişafın müşahidə olunduğunu bildirib.

Sonda İ.Həbibbəyli Ulu Öndər Heydər Əliyevin həmişəyaşar ideyalarının Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə daha da möhkəmləndiyini və Ali Baş Komandanımızın xalqımıza tarixi Qələbə qazandırdığını vurğulayıb.

Konfransda AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişafı” mövzusunda məruzə ilə çıxış edərək 1960-cı illərin sonlarından başlayaraq elmimizin və təhsilimizin təşəkkülü və inkişafının müasir müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib.

Məruzəçi bildirib ki, 1993-cü ildə yenidən hakimiyyətə gələn dahi lider Heydər Əliyev ilk olaraq alimlərlə görüşmüş, onların fikrini və mövqeyini öyrənmişdir. Ulu Öndər 1997-ci ildə Azərbaycan Elmlər Akademiyası rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərək elm sahəsində islahatların aparılmasının vacibliyini təsdiqləmiş, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirmişdi.

İslam Mustafayev qeyd edib ki, Heydər Əliyevin 15 may 2001-ci il tarixdə imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” Fərmanla Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” kimi yüksək ali dövlət elmi-təşkilati statusu verməsi və nəhayət AMEA-ya seçkilər keçirilməsi barədə göstəriş verməsi dövlət başçısının Azərbaycan elminə əvəzsiz qayğısının parlaq təzahürü idi.

Məruzəçi Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə xalqın tərəqqisi üçün daim elmə və təhsilə verdiyi yüksək qiymətdən, Prezident İlham Əliyevin müvafiq istiqamətdə göstərdiyi mühüm xidmətlərdən danışıb, intellektual və savadlı gəncliyin, yüksəkixtisaslı kadrların yetişdirilməsində dövlət dəstəyindən bəhs edib.

“Azərbaycanda arxeologiya və etnoqrafiya elminin inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış edən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkəmizdə arxeologiya və etnoqrafiya elminin inkişafı istiqamətində görülən işlərdən danışıb. Azərbaycanın tarixi və arxeoloji abidələrlə zəngin diyar olduğunu deyən baş direktor tarix boyu burada müxtəlif arxeoloji mədəniyyətlərin formalaşdığını diqqətə çatdırıb. O, təkcə Qarabağ regionuna aid dünya miqyaslı 4 mədəniyyətin - Quruçay, Leylatəpə, Göycə-Üzərlik, Xocalı-Gədəbəy mədəniyyətlərinin öyrənildiyini qeyd edib. A.Seyidov Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycanda genişmiqyaslı arxeoloji tədqiqatların aparıldığını söyləyib.

A.Seyidov 1974-cü ildə Ulu Öndərin təşəbbüsü ilə AMEA Tarix İnstitutunun nəzdində Arxeologiya və etnoqrafiya sektorunun yaradıldığını, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə AMEA-da müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutunun təsis edildiyini bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə arxeoloji tədqiqatların səmərəliliyinin artırılması məqsədilə Azərbaycanın bir sıra regionlarında arxeoloji bazalar yaradılmış, tarix-diyarşünaslıq muzeyləri açılmışdır.

Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra arxeologiya və etnoqrafiya elminin inkişafında yeni mərhələnin başlandığını deyən məruzəçi Heydər Əliyevin rəhbərliyi ilə 1998-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, 1999-cu ildə “Arxeoloji irsin mühafizəsi haqqında Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” respublika qanunlarının qəbul edildiyini diqqətə çatdırıb. O, 2001-2002-ci illərdə Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan-Gəmiqaya ekspedisiyasının təşkil olunduğunu bildirib.

“Ulu Öndər Heydər Əliyev Azərbaycan ərazisində qlobal layihələrin həyata keçirilməsi zamanı arxeoloji abidələrin öyrənilməsinə də öz töhfəsini vermişdir”, - deyə bildirən A.Seyidov dahi liderin arxeoloji və etnoqrafik tədqiqatların dünya elmi ilə uzlaşması, arxeologiya sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, birgə tədqiqatların təşkili istiqamətində dəstəyindən də danışıb.

Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndərin misilsiz xidmətləri olub. Ümummilli Lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

N.Məmmədli qeyd edib ki, Ulu Öndərin təşəbbüsü və qətiyyəti ilə Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) əksini tapıb. Respublikada Azərbaycan dilinin rəsmiliyi təmin edilib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib. Professor bildirib ki, “Müasir Azərbaycan dili” dərsliklərinin Dövlət Mükafatına layiq görülməsi Ulu Öndərin cəsarəti və düşünülmüş siyasəti nəticəsində mümkün olub.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahəsinin inkişafındakı əvəzsiz rolundan danışıb. Bildirib ki, Ümummilli Liderin qəbul etdiyi mühüm tarixi qərarlardan biri də Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması olub: “Bu hərbi məktəbin, sonralar da onun filialının yaradılması müstəqil ordu quruculuğu sahəsində atılan mühüm addım idi. Vətən müharibəsində Qələbənin qazanılmasında və torpaqlarımızın işğaldan azad edilməsində hərbi liseyin məzunları qəhrəmanlıqları ilə seçilmiş, layiqincə xidmət göstərmişlər”.

Akademik A.Həşimov Ulu Öndər Heydər Əliyevin elmimizə, mədəniyyətimizə, ədəbiyyatımıza qayğısından da söhbət açıb. O, Ümummilli Lider Heydər Əliyevin diqqəti və qətiyyəti sayəsində Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edildiyini diqqətə çatdırıb.

Birinci vitse-prezident dahi lider Heydər Əliyevin AMEA-nın inkişaf etdirilməsinə hər zaman dövlət səviyyəsində qayğı göstərdiyini bildirib. A.Həşimov Akademiyanın fəaliyyətini daim diqqət mərkəzində saxlayan görkəmli dövlət xadimi Heydər Əliyevin akademiyanın üzvlərinin seçilməsi, alimlərin SSRİ dövlət mükafatları ilə təltif edilməsində dəstəyindən danışıb.

Tədbirə yekun vuran AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Akademik Ramiz Mehdiyev Ulu Öndər Heydər Əliyevin dünya miqyaslı böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbəri kimi böyük şöhrət qazandığını söyləyib. O, Heydər Əliyevin dünya liderləri səviyyəsində qiymətləndirilən görkəmli dövlət xadimi olduğunu deyib.

AMEA rəhbəri təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin bu gün müasir dövrün tələblərinə uyğun şəkildə Prezident İlham Əliyev tərəfindən əzmkarlıqla davam etdirildiyini vurğulayıb.

Konfrans boyunca Ümummilli Lider H.Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

© science.gov.az