RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Əlaqələri

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, yüksək enerjilər kimyası, radioekologiya, radiasiya materialşünaslığı istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin dünya elminə inteqrasiyasını təmin etmək məqsədi qarşıya qoyulmuşdur. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Radiasiya Tədqiqatları Sektoru SSRİ Elmlər Akademiyasının Neft-kimya sintezi, Kimyəvi Fizika, L.Y. Karpov adına Fizika-kimya İnstitututları, Belarusiya EA-nın Atom energetikası İnstitutu, Gürcüstan EA-nın Fizika, Qeyri-üzvü və Elektrokimya İnstitutları və Moskva Dövlət Universiteti ilə sıx elmi əməkdaşlıq yaradılmışdı. 1980-ci illərdə Atom-hidrogen energetikası istiqamətində İ.V. Kurçatov adına Atom enerjisi İnstitutu, Yanar qazıntılar İnstitutu və SSRİ-nin digər elmi mərkəzləri ilə məqsədli kompleks Proqramlar çərçivəsində elmi tədqiqat və kadr hazırlığı üzrə birgə fəaliyyətlə həyata keçirilmişdir. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsi və 2002-ci ildə İnstitutun Atom enerjisi üzrə Beynəlxalq Agentliyə daxil olması ilə beynəlxalq əlaqələr genişlənmişdir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Amerika Birləşmiş Ştatlarının Energetika Nazirliyinin Nüvə Təhlükəsizlik Deportamenti, NATO, ABŞ Mülki Araşdırmalar Fondu CRDF ilə beynəlxalq proqramlar çərçivəsində işlər davam etdirilmişdir. 2012-ci il ərzində AEBA ilə АМЕА-nın ilk layihəsi olan - Radiasiya Problemləri İnstitutunun bazasında Beynəlxalq Nüvə Məlumatlar Mərkəzi öz fəaliyyətini uğurla davam etdirib.

ABŞ Energetika Nazirliyi, Nüvə Təhlükəsizlik Deportamentinin “Radioloji Təhlükənin Azaldılmasına dair Beynəlxalq layihəsi” çərçivəsində RPİ Azərbaycan Respublikasında Radioaktiv materialların, mənbələrin və qurğuların fiziki müdafiəsinin gücləndirilməsinə dair işlərə elmi-metodik rəhbərlik edir. 2005-ci ildə Respublikamızda mövcud olan radioaktiv mənbələrin fiziki müdafiəsi gücləndirilmiş və yüksək səviyyəli radioaktiv materialların saxlanması üçün xüsusi anbarın tikintisinə 2006-cı ildən başlanaraq Azərbaycan Respublikasında mövcud olan radioaktiv mənbələrdən istifadə olunan obyektlərin fiziki mühafizəsinin gücləndirilməsinə dair işlər həyata keçirilir.

Amerika Birləşmiş Ştatları CRDF Fondu – “Fiziki ətraf mühitin tədqiqi mərkəzinin inkişafı” layihəsi həyata keçirilir, layihənin müddəti 2002-2016-cı illərdir. Bu müqavilənin maliyyələşməsi 2006-cı ildə başa çatıb. Sonrakı illərdə alınan avadanlıqların iş rejiminə nəzarət həyata keçirilir.

ABŞ-nın Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının Müdafiənin İkinci Xətti Proqramı çərçivəsində Azərbaycan Respublikasının dövlət sərhəd keçid məntəqələrində radiasiya aşkarlayan avadanlıqların quraşdırılması işi həyata keçirilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17/1745-95-22/11 saylı, 29 noyabr 2007-ci il tarixli dərkənarına əsasən AMEA-nın Radiasiya Problemləri İnstitutu radiasiya aşkaredici cihazların kalibrə və təmir işlərinin aparılması, eləcə də bu cihazların istismar edilməsi sahəsində təlimlərin həyata keçirilməsi üzrə səlahiyyətli qurum təyin edilmişdir. Müdafiənin İkinci Xətti Proqramı çərçivəsində İnstitutun “Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Ekspertiza Mərkəzi”-nin əmakdaşları müvafiq təlimlər keçmişlər və mütəmadi olaraq sərhədlərdə quraşdırılmış radiasiyanı aşkar edən avadanlığın və cihazların istismar və kalibrə işlərini həyata keçirirlər. Hal-hazırda bu işlər uğurla davam etdirilir.

Ukrayna Elmi-Texniki Mərkəzinin 2012-ci ildə elan etdiyi müsabiqədə institutun bir layihəsi maliyyələşdirilmişdir.

RPİ ilə Lomonosov adına MDU-nin Biologiya və Fizika fakultələrinin Biofizika kafedrasının biofizika radiasiyası, radioekologiya, radio- və foto- biologiya sahəsində elmi-texniki əməkdaşlığı haqqında razılaşma qurulmuşdur.

MDU-nun torpaqşünastlıq fakultəsi və AMEA Radiasiya Problemləri İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Ukrayna Respublikasının Xarkov Fizika-Texniki İnstitutu ilə detektorlar və nüvə təhlükəsizliyinin elmi əsasları üzrə əlaqələr yaradılmışdır.

Özbəkistan Respublikası Nüvə Fizikası İnstitutu ilə radiasiya fizikası və nüvə fizikası sahəsində işlər aparılır.

Belarus Dövlət Universitetinin A.N.Sevçenko adına Tətbiqi Fizikanın Problemləri İnstitutu ilə “AıııB layvari monokristalların yüngül atomların ion şüalanması ilə aşqarlanması” istiqamətində əməkdaşlıq müqaviləsi imzalanmışdır.