RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.05.2021]

15 may – “Beynəlxalq ailə günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu və Fizika İnstitutunun Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Digital texnologiyaların sosial inkişaf və ailə rifahına təsiri” mövzusunda birgə onlayn iclas keçirilib. İclasda Qadınlar Şurasının büro üzvləri və qadın əməkdaşlar iştirak edib.

İclasda giriş sözü ilə çıxış edən AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva bildirib ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyev, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mütamadi olaraq ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir.

Daha sonra çıxış edən Radiasiya Problemləri İnstitutunun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva 15 may – “Beynalxalq Ailə Günü”nün dünya və ölkəmiz üçün dəyəri və əhəmiyyəti haqqında qonaqlara dolğun məlumat verib. Bildirib ki, BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq 1994-cü ildən etibarən 15 May tarixi hər il dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Azərbaycan isə bu ənənəyə 2008-ci ildən qoşulub.

R.Mehdiyeva ailənin hər zaman xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu olduğunu, sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm rol oynadığını vurğulayıb. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrlərində məhz, ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirdiyini qeyd edən R.Mehdiyeva bütün bunların nəticəsi olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığına, 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin ailə münasibətlərinin tənzimlənməsi yönündə əhəmiyyətinə və ümumilikdə, Azərbaycan qadınının cəmiyyətdəki fəal rolunun artmasına diqqət çəkib.

Tədbirdə daha sonra məruzələr dinlənilib.

Çıxış edən AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Lalə Süleymanova “Rəqəmsal texnologiyaların uşaqların inkişafına təsiri” mövzusunda iclas iştirakçılarına məlumat verib. Bildirib ki, uşaqların texnologiyalarla erkən yaşda tanış olması onların həyatında ikitərəfli rol oynayır. Kompüterdən düzgün istifadənin uşaqların məntiqi təfəkkürünün və dünya görüşünün zənginləşməsində mühüm rol oynaya biləcəyi kimi, yanlış istifadə ilə onlara fiziki və psixoloji cəhətdən zərər vurma ehtimalı da nəzərə alınmalıdır.

Sonra çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, kiçik elmi işçi Rəna Xankişiyeva “Digital texnologiyaların sosial inkişaf və ailə rifahına təsiri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, COVİD-19 pandemiyası ilə müasir informasiya texnologiyalarının həyatımızdakı önəminin artdığının bir daha şahidi olduq, lakin ailədaxili münasibətlərin qorunub saxlanması üçün doğru və qədərində istifadəsi mühüm amildir. Gənc alim gələcək üçün savadlı nəsil yetişdirmək məqsədilə valideyn olan şəxsləri bu istiqamətdə marifləndirməyin və rəqəmsal savadlandırmağın önəmini vurğulayıb.

Daha sonra AMEA Fizika İnstitutunun aparıcı elmi işçi, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova ü çıxış edərək, müasir texnologiyaların sosial inkişaf və ailə rifahına təsirinin çox vacib və aktual məsələ olduğunu bildirib. İnsanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyər olan ailənin, həmçinin sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonuncu məruzəçi qismində çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aygün Nəsibova “Ailə haqqında düşüncələr” mövzusunda elmi və ədəbi təhlillər aparıb, eləcə də Azərbaycan taxrində mühüm rol oynamış şəxslərdən danışıb, Hüseyn Cavid yaradıcılığına müraciət edərək 100 il ərzində savadsızlıq girdabından qurtulan və hazırda ən ali nailliyyətlər əldə edən Azərbaycan qadınınından bəhs edib

Daha sonra AMEA Qadınlar Şurasının “Sosialoji təhlil və analitika” işçi qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli çıxış edərək, tədbir haqqında təəssüratlarını bölüşüb, həmçinin qeyd edib ki, dövlət tərəfindən göstərilən qayğının nəticəsi kimi hər il yüksək səviyyədə qeyd edilən bu gün Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsini təcəssüm etdirir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.