RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.05.2021]

Akademik İsa Həbibbəyli: “AMEA-nın Nizamnaməsinə edilən dəyişikliklər akademiyada struktur islahatlarının daha da dərinləşməsinə xidmət edəcək”

28.05.2021-2

AMEA-nın 27 may 2021-ci il tarixində keçirilən Ümumi Yığıncağında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi məsələsi ilə bağlı çıxış edib.

İ.Həbibbəyli Akademiyanın fəaliyyətini tənzimləyən əsas normativ hüquqi sənəd olan AMEA-nın Nizamnaməsinin ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə təsdiq edildiyini bildirib. O, bu sənədin müstəqillik dövrünə uyğunlaşma prosesinin nizamnaməsi hesab olunduğunu vurğulayıb. Akademik qeyd edib ki, ölkənin sürətli sosial-iqtisadi inkişafı, cəmiyyətin bütün istiqamətlərdə əsaslı şəkildə yenilənməsi, hüquqi dövlət quruculuğu sahəsindəki nailiyyətləri elmi fəaliyyətin idarə edilməsi baxımından da köklü islahatların həyata keçirilməsi zərurətini yaratmışdır. İ.Həbibbəyli Azərbaycan elminin inkişafını irəli istiqamətləndirmək və onun hüquqi təminatını yaxşılaşdırmaq məqsədilə 11 dekabr 2014-cü ildə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən AMEA-nın yeni Nizamnaməsinin təsdiq edildiyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti dövlət başçısının göstərişlərinə əsasən həyata keçirilən elm siyasətinin meydana çıxardığı yeni çağırışları əlavə etmək üçün 21 iyul 2017-ci il və 10 aprel 2020-ci il tarixlərində Nizamnamələrə dəyişikliklər edildiyini vurğulayıb. Bildirib ki, xüsusən Nizamnaməyə edilən 10 aprel 2020-ci il tarixli dəyişiklik Akademiyanın həyatında yeni bir prosesin – struktur islahatlarının həyata keçirilməsinə yönəlmişdir.

Ötən dövr ərzində AMEA-nın elmi bölmələrində akademik-katib vəzifəsinin ləğv olunduğunu və bu səlahiyyətlərin vitse-prezidentlər tərəfindən yerinə yetirdiyini söyləyən İ.Həbibbəyli hazırda AMEA-nın strukturunun təkmilləşdirilməsi, idarəetmə sisteminin optimallaşdırılması məqsədilə Nizamnaməyə dəyişikliklərin edilməsi zərurəti yarandığını söyləyib, Nizamnamə Komissiyasının qeyd olunan məsələlərlə bağlı hazırladığı təklifləri diqqətə çatdırıb. Əlavə edib ki, bu gün müzakirəyə çıxarılan müddəalar Nizamnaməyə 2020-ci ildə edilən dəyişikliklərdə qəbul olunan struktur islahatlarının daha da dərinləşməsinə, genişlənməsinə və tamamlanmasına xidmət edəcək.

© www.science.gov.az