RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.06.2021]

İnstitutda iqlim dəyişmələrinə həsr olunmuş görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) “İqlim dəyişmələrinə adaptasiya potensialının gücləndirilməsi" layihəsi çərçivəsində Milli təşəbbüs qrupunun görüşü keçirilib. Görüşdə Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, İsveçrə Əməkdaşlıq Təşkilatının nümayəndəsi Zahir Əhmədov, sözügedən Layihənin koordinatoru Fuad Bağırov, həmçinin Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun və RPİ-nin əməkdaşları, eləcə də Ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən digər mütəxəssislər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə layihə rəhbəri, Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun mərhum direktoru, akademik Ramiz Məmmədovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Görüşdə iştirak edən mərhumun qızı Natəvan Məmmədova akademik Ramiz Məmmədovun ruhuna göstərilən hörmət və ehtirama görə görüş iştirakçılarına minnətdarlığını bildirib.

Görüşdə daha sonra Layihənin birinci mərhələsinin əsas nəticələri və ikinci mərhələyə hazırlıq işlərindən bəhs olunub. Çıxış edən natiqlər fəlakət risklərinin idarə olunması və onlardan əhalinin qorunması metodlarından, dağ rayonlarında biomüxtəlifliyin qorunması və qlobal iqlim dəyişikliyinin təsirləri haqqında fikir mübadiləsi aparıblar.

İsveçrə Əməkdaşlıq Təşkilatının nümayəndəsi Z.Əhmədov ekoloji problemlərin həllində elm-təhsil-QHT sektorlarının əməkdaşlığının əhəmiyyətini, birgə layihələrin maliyyələşdirilməsi imkanlarını görüş iştirakçılarının diqqətinə çatdırıb və bu sahədə qüvvələrin birləşdirilməsinin prioritet fəaliyyət istiqaməti olduğunu vurğulayıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.