RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.06.2021]

AMEA ilə REA arasında elm, təhsil və texnologiyalar sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri güclənir

25.06.2021-3

Rusiya Elmlər Akademiyası ilə elm, təhsil və texnologiyalar sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və hər iki tərəf üçün prioritet hesab olunan sahələr üzrə elmi əlaqələrin gücləndirilməsi məqsədilə AMEA prezidenti akademik Ramiz Mehdiyevin tapşırığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA-nın akademik-katibi, akademik Arif Həşimov 21-24 iyun 2021-ci il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində rəsmi səfərdə olublar.

Səfər çərçivəsində qeyd olunan istiqamətlərdə müxtəlif görüşlər keçirən Akademiya rəsmiləri 23 iyun 2021-ci il tarixində Rusiya Elmlər Akademiyasının prezidenti akademik Aleksandr Sergeyev tərəfindən rəsmi olaraq qəbul ediliblər. Tədbirdə Rusiya tərəfindən REA-nın vitse-prezidenti, akademik Yuriy Baleqa, REA-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Sergey Malenko, hüquq elmləri doktoru, REA prezidentinin müşaviri Rəşad Qurbanov, REA-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin müdir müavini Alyona Bibikova da iştirak ediblər.

Görüşdə Azərbaycanlı alimlər yüksək səviyyəli qəbula görə AMEA rəhbərliyi adından REA prezidentinə öz minnətdarlıqlarını bildirib, AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin salamlarını ona çatdırıblar. Tədbirdə müzakirə olunan əsas məsələlərdən biri “Azərbaycan və Rusiya arasında elm, innovasiya və təhsil sahəsində əməkdaşlığın Yol Xəritəsi” ilə bağlı olub. Müzakirələr prosesində tərəflər qeyd ediblər ki, 2019-cu ilin may ayında hər iki akademiya arasında imzalanmış Sazişə uyğun olaraq, mühüm elmi və texnoloji tədqiqatlar üzrə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, hər iki tərəf üçün prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi baxımından Yol xəritəsinin imzalanması məqsədəuyğundur. Yol xəritəsində ilkin olaraq yer elmləri, fizika-riyaziyyat elmləri, energetika sahəsi, biologiya və tibb elmləri, humanitar və ictimai elmlər üzrə 5 prioritet elmi istiqamətdə əməkdaşlıq nəzərdə tutulub.

Tədbirdə müzakirə olunan mühüm məsələ Xəzər dənizi ilə bağlı olub. Qeyd edilib ki, Xəzər dənizi ilə bağlı elmi problemlər uzun illər ərzində dünyanın müxtəlif ölkələrinin, o cümlədən beş Xəzəryanı dövlətin müvafiq elmi qurumları tərəfindən ayrı-ayrılıqda öyrənilsə də, onun coğrafi, bioloji, geoloji, ekoloji, iqlimşünaslıq və s. aspektlərdən koordinasiyalı kompleks tədqiqinə böyük ehtiyac var. Xüsusən, Xəzərin təbii ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi, biomüxtəlifliyinin qorunub saxlanılması üzrə strategiyaların işlənib hazırlanması, hazırda beş Xəzəryanı dövlətlər qarşısında dayanan əsas vəzifələrdən biridir. Xatırladılıb ki, 2019-ci ildə akademik Aleksandr Sergeyevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə rəsmi görüşündə Xəzəryanı dövlətlərin iştirakı ilə Bakıda “Sərhədsiz elm: Xəzərin perspektivləri” mövzusunda Beynəlxalq Forumun keçirilməsi təklifi irəli sürülüb və bu təklif cənab Prezident tərəfindən dəstəklənib. Sözügedən tədbirin 2022-ci ilin ikinci yarısında keçirilməsi qərara alınıb, onun əsas elmi istiqamətləri, təşkilat komitəsinin tərkibi, dəqiq keçirilmə vaxtı və s. ilə bağlı müəyyən fikir mübadiləsi aparılıb.

Bundan əlavə, tədbirdə REA və AMEA prezidentlərinin rəhbərliyi, Qazaxıstan, Türkmənistan və İran nümayəndələrinin aktiv iştirakı ilə 10-12 avqust 2021-ci il tarixində Moskva şəhərində İkinci Xəzər İqtisadi Forumu üzrə Dəyirmi masanın keçirilməsi ilə bağlı hazırlıq işləri, Xəzər dənizi üzrə Beynəlxalq Elmi-Tədqiqatlar Mərkəzinin yaradılması kimi məsələlər də müzakirə edilib.

Görüşün sonunda akademik Aleksandr Sergeyev AMEA nümayəndələrini 2021-ci ilin sonunda keçiriləcək REA-nın 300 illiyinə həsr edilən MDB, Baltikyanı ölkələr və Gürcüstanın gənc alimlərinin beynəlxalq forumunun tədbirlərinə qatılmağa dəvət edib.

© www.science.gov.az