RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.02.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə Ali Attestasiya Komisiyasının rəy bildirilməsi üçün AMEA-ya göndərilmiş elmi dərəcələr və elmi adlar verilməsi haqqında Əsasnaməsinə edilmiş dəyişikliklər, RPİ üzrə əməkdaşların və magistrların attestasiyasının keçirilməsi, eləcə də təşkilati məsələlər müzakirə edilib.

Sonra Azərbaycan Dövlət Dəniz Akademiyasında 5-6 may 2022-ci il tarixlərində keçiriləcək Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Beynəlxalq Konfrans ətrafında geniş fikir mübadiləsi aparılıb.

Elmi Şuranın iclasında daha sonra RPİ-nin “Nizamsız bərk cismlərin radiasiya fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədovun və “Radioekologiya” laboratoriyasının əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilovun 70, həmçinin “Enerjitutumlu radiasiya prosesləri” laboratoriyasının rəhbəri, kimya elmləri namizədi, dosent Hökmən Mahmudovun 60 illik yubileyləri ilə əlaqədar mükafata, “Bərpa olunan enerji növlərinin çevrilməsi” laboratoriyasının əməkdaşı, fizika üzrə fəlsəfə doktou, dosent Oktay Salamovun isə “Əməkdar mühəndis” fəxri adına təqdim edilməsi haqqında məsələlərə baxılıb.

İclasın sonunda “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının əməkdaşı, fizika üzrə fəlsəfə doktoru, böyük elmi işçi Günel İmanovaya dosent elmi adı verilməsi və “Nizamsız bərk cismlərin radiasiya fizikası” laboratoriyasının əməkdaşı, fizika üzrə fəlsəfə doktoru, dosent Mətləb Mirzəyevin elmlər doktoru hazırlığı üzrə dissertasiya mövzusunun adında düzəliş edilməsi haqqında məsələlər müzakirə edilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.