RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.11.2014]

AMEA Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Elimxan Cəfərovun iki kitabı çapdan çıxıb

        AMEA, Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru Elimxan Cəfərovun "Radiobiologiya" və "Fizika" adlı iki dərs vəsaiti çapdan çıxıb.
        "Radiobiologiya" adlı dərs vəsaitində radiobiologiyanın yaranma və bir elm kimi formalaşma tarixi xronoloji ardıcıllıqla verilmiş, əsas radiobioloji anlayışlar və onların vahidləri haqqında ətraflı məlumatlar verilmiş, radiasiya dozimetriyası, radiasiya səviyyəsinə nəzarət üsulları, təbii və süni radiasiya mənbələri şərh edilmişdir. Ayrıca fəsildə təbii radiasiya fonu, onun biosfer üçün əhəmiyyəti və orqanizmlərin normal böyümə və inkişafında roluna dair məlumatlar öz əksini tapmışdır. Vəsaitdə radiasiyanın bioloji təsirinə, kiçik dozalı radiasiya probleminə, kiçik dozalı radiasiyanın stimullaşdırıcı təsirinə, radiohəssaslıq və radiorezistentlik problemlərinə xüsusi diqqət verilmişdir. Başqa bir fəsildə isə radionuklidlərin torpaqda və “torpaq - bitki” zəncirində miqrasiya xüsusiyyətlərinə dair məlumatlar toplanmışdır. Təqdim olunan material həm də müəllifin özünün apardığı tədqiqatların nəticələri ilə zənginləşdirilmişdir.
        Dərs vəsaiti radiobiologiya, radioekologiya, radiologiya, biofizika, molekulyar biologiya ixtisaslarını seçmiş tələbələr üçün nəzərdə tutulmuşdur. Vəsaitdən bu sahədə çalışan müəllim və mütəxəssislər, həmçinin də radiobiologiya və radioekologiyanı sərbəst öyrənənlər istifadə edə bilərlər.
        "Fizika" adlı dərs vəsaiti ali məktəblərə qəbul proqramı əsasında hazırlanıb və elementar fizikanın bütün bölmələrini əhatə edir. Vəsaitdə şagirdlərin ümumi bilik səviyyələri nəzərə alınaraq, ayrı-ayrı mövzuların izahlı şərhi verilmişdir.
        Dərs vəsaitindən abituriyentlər, orta məktəbin yuxarı sinif şagirdləri, orta məktəb müəllimləri, fizikanı müstəqil öyrənənlər istifadə edə bilərlər.