RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.02.2017]

Radiasiya Problemləri Institutunda Xocalı Soyqırımının 25-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilib

      Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Xocalı Soyqırımının 25-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
      Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Səmədov qeyd edib ki, Xocalı Soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 366-cı motoatıcı alayın dəstəyi ilə 7 min nəfər əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Erməni qəsbkarlarının şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində mühasirə olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. O. Səmədov bildirib ki, Xocalı Soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər isə əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, ümumilikdə 8 ailə tamamilə məhv edilib. Soyqırımı nəticəsində 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 Xocalı sakini girov götürülüb ki, onlardan 150 nəfərin taleyi bu gün də məlum deyil.
      O. Səmədov daha sonra Xocalı Soyqırımının dünyaya tanıdılması və bu istiqamətdə görülən işlərdən danışıb.
      Sonra çıxış edən İnstitutun direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva Xocalı faciəsinin XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Sonqmi, Xirosima və Naqasaki faciələri ilə eyni səviyyədə durduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bu faciə bizim əbədi və sağalmaz dərdimiz, yaramız olduğundan bir vətəndaş olaraq hər birimiz hər gün, hər saat bu ağrını, bu acını qəlbimizdə hiss edirik. Hər il fevralın 26-da isə bütün Azərbaycan xalqı bir nəfər kimi Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, dərin hüznlə başsağlığı verirlər.
      Daha sonra çıxış edən natiqlər Azərbaycan xalqının Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsinin daima əziz tutulduğunu və onların ehtiramla yad edildiyini qeyd ediblər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.