RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.03.2017]

Azərbaycanlı alimlər beynəlxalq konfransda iştirak edib

     Azərbaycanlı alimlər beynəlxalq konfransda iştirak edib. 1-3 Mart tarixində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində keçirilən “Ekoloji və Ətraf mühit kimyası üzrə 6-cı Beynəlxalq Konfrans”da ölkəmiz, ümumilikdə 8 nəfərlə təmsil olunub.
      Moldova Elmlər Akademiyası, UNESCO, həmçinin digər milli və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən konfransda 20-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edib. Ətraf mühit və Ekoloji kimyanın 5 mühüm istiqaməti üzrə fəaliyyət göstərən seksiyalarda, ümumilikdə 200-dən çox məruzə dinlənilib.
      Sözügedən konfransın işində ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi, akademik Asəf Hacıyev, AMEA-nın Radiasiya Problemləri İnstitutunun “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru, professor Fərda İmanov, Radiasiya Problemləri İnstitunun əməkdaşları, texnika elmləri namizədi Nigar Quliyeva və Şahin Hacıyev, eləcə də Azərbaycan Pedaqoji Universitetinin dosenti Rəhimə Məmmədova və Bakı Dövlət Universitetinin müəllimi Aytən Səmədova təmsil edib.
      Konfransın açılışında çıxış edən akademik İbrahim Quliyev və akademik Asəf Hacıyev tədbirin elmi-praktik əhəmiyyətindən danışıb və bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
      Plenar iclasda məruzə ilə çıxış edən akademik İbrahim Quliyev neft məhsullarının ətraf mühitə təsirinin elmi əsasları, Azərbaycan timsalında bu təsirin dəyişmə dinamikası və fəsadları, habelə yaranmış ekoloji problemlərin həlli yollarından bəhs edib. Daha sonra çıxış edən akademik Asəf Hacıyev post-sovet məkanında elmin inkişafı problemlərindən, həmçinin inkişaf etmiş ölkələrdə mövcud olan elmin idarə olunmasının mütərəqqi mexanizmlərindən danışıb. İclasda İ.Mustafayev, N.Quliyeva, A.Səmədova və Ş.Hacıyevin də neft sənayesinin ətraf mühitə təsirinin müxtəlif aspektlərindən bəhs edən məruzələri maraqla qarşılanıb. Professor F.İmanov suyun təmizlənməsi prosesində “Yaşıl texnologiya”ların tətbiqi, dosent R. Məmmədova isə polimerlərin təkrar emalı prosesində bioloji aktiv maddələrin tətbiqinə dair elmi məruzələrlə çıxış ediblər.
      Qeyd edək ki, konfransa ölkəmizin müxtəlif elm və təhsil qurumlarının 23 əməkdaşı tərəfindən 34 məruzə tezisi təqdim olunub.
      Sözügedən konfransın yekun iclasında bir qrup iştirakçıya xüsusi medallar təqdim olunub. Azərbaycanlı alimlər arasında bu medala akademik İbrahim Quliyev və akademik Asəf Hacıyev layiq görülüb.
      Konfrans günlərində Azərbaycan alimləri Moldova Elmlər Akademiyasının və universitetlərin rəhbərləri, həmçinin Azərbaycanın Moldova Respublikasındakı Səfirliyinin və Diaspor təşkilatının nümayəndələri ilə görüşlər keçirib, ölkələr arasında elm və təhsil üzrə əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunub.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.