RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.04.2017]

Radiasiya Problemləri Institutu AEBA-nın Nüvə Təhlükəsizliyinə dair beynəlxalq tədris şəbəkəsinə üzv olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Tədris Şəbəkəsinə üzv olub.

Dünya miqyasında 30 ölkəni və 100-dən artıq təşkilatı əhatə edən sözügedən Şəbəkə 2010-cu ilin mart ayında AEBA tərəfindən təşkil edilib. Şəbəkənin əsas missiyası nüvə və digər radioaktiv materialların fiziki təhlükəsizliyini mövcud olan tədrisin inkışafı, biliklərin və təcrübələrin mübadiləsi vasitəsilə həll etməkdə üzv dövlətlər və təşkilatlara yardımçı olmaq və bununla da qlobal nüvə təhlükəsizliyini gücləndirməkdir.

Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Tədris Şəbəkəsinin əsas fəaliyyət istiqamətlərinə nüvə və digər radioaktiv materialların fiziki təhlükəsizliyi sahəsində tədrisin təşkili, texniki vəsaitlərin işlənib hazırlanması, seminarların və təlim kurslarının təşkil edilməsi, ekspertlərin texniki görüşlərinin keçirilməsi, mütəxəssislərin mübadiləsi, birgə elmi-texniki tədqiqatların aparılması və nüvə təhləküsizliyi sahəsində digər məsələlərin həlli daxildir.

AMEA-nın Radiasiya Problemləri İnstitutu bu Şəbəkəyə üzv olmuş ilk Azərbaycan təşkilatıdır. Bu üzvlük İnstituta nüvə təhlükəsizliyi sahəsində mövcud olan ən müasir vasitələr ilə dərindən tanışlıq imkanı verəcəkdir. Həmçinin, Şəbəkəyə üzv olmaqla RPİ-nin əməkdaşları xüsusi parol vasitəsi ilə Şəbəkənin internet resurslarından istifadə imkanı əldə edib.

Qeyd edək ki, sözügedən Şəbəkənin əlaqələndiricisi qismində İnstitutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər namizədi İbrahim Qabulov təyin edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.