RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.11.2017]

Azərbaycanlı alim Avropa Ətraf mühit Bürosunun seminarında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Avropa Ətraf mühit Bürosunun Budapeşt şəhərində keçirilmiş Regional Məsləhətləşmə Seminarında iştirak etmişdir.

4-6 Dekabr 2017-ci il tarixdə Kenyanın paytaxtı Nairobidə keçiriləcək BMT-nin Ətraf mühit Assambleyasına hesabat məruzəsini müzakirə etmək məqsədilə təşkil edilmiş Regional Məsləhətləşmə Seminarında Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində ətraf mühitin vəziyyəti haqqında məruzənin əsas müddəaları müzakirə olunmuşdur.

Sözügedən tədbirə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf mühit Proqramının eksperti kimi dəvət alan İslam Mustafayev Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda mövcud ekoloji vəziyyətə öz münasibətini bildirmiş və zəruri olan məsələlərin hesabata daxil edilməsini təklif etmişdir.

İ.Mustafayev, həmçinin Şərqi Avropa ölkələri üçün Regional Ekoloji Mərkəzdə keçirilən görüşdə Ukrayna və Kosova nümayəndələri ilə birlikdə hesabat məruzəsinə döyüş əməliyyatları nəticəsində ətraf mühitə dəyən ziyanın qiymətləndirilməsinin və BMT Ətraf mühit Assambleyasının müzakirəsinə verilməsini təklif etmişdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.