RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[17.05.2018]

RPİ-də Qadınlar Şurasının təsis yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Qadınlar Şurasının təsis yığıncağı keçirilmişdir. İclasda AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə İnstitutunun şöbə müdiri, Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının sədri, professor Rəna Mirzəzadə, RPİ-nin elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, Fəlsəfə İnstitutunun Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Lalə Mövsümova, AMEA Qadınlar Şurası Təşəbbüs Qrupunun katibi, fizika üzrə fəlsəfə doktoru Samirə Kadiyeva, fəlsəfə elmləri doktoru Ziba Ağayeva və RPİ-nin qadın əməkdaşları iştirak etmişdir.

İclasa sədrlik edən AMEA və İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov tədbiri giriş sözü ilə açaraq əvvəlcə İnstitutun kollektivi adından AMEA Qadınlar Şurasının sədri seçilməsi münasibətilə professor Rəna Mirzəzadəni təbrik etmişdir.

Sonra çıxış edən AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə İnstitutunun şöbə müdiri, Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının sədri, professor Rəna Mirzəzadə Akademiyanın qadın əməkdaşlarının Azərbaycan Respublikasının ictimai, mədəni və elm sahələrindəki uğurlarından söz açmış, eyni zamanda Qadınlar Şurasının ictimai sahədə, gənc kadrlara dəstək üzrə fəaliyyət istiqamətləri barədə məlumat vermişdir.

Daha sonra tədbirdə təşkilati məsələlər müzakirə olunmuşdur. İnstitutun Qadınlar Şurası sədri seçkiləri keçirildikdən sonra İnstitut işçilərinin namizədliyi və yekdil səsi ilə RPİ-nin elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva təsis olunan İnstitut Qadınlar Şurasının sədri vəzifəsinə seçilmişdir. Daha sonra təklif və müzakirələr nəticəsində İnstitutun Qadınlar Şurasının idarə heyətinin üzvləri seçilmişdir. Şura üzvlüyünə Rəhim Mədətov, Lətifə Qocayeva, Lalə Cabbarova, Zenfira İskəndərova, Kəmalə Əzizova, Kəmalə Qarayeva, Səidə Əmirova, Aygün Nəsibova, Firuzə Salmanova, Musa Nuriyev və Gülçin Mahmudlunın namizədlikləri açıq səsverməyə təqdim edilmiş, açıq səsvermə yolu ilə toplantı iştirakçıları hər bir namizədin lehinə yekdilliklə səs vermişdir.

İclasın sonunda İnstitutun Qadınlar Şurasının yeni sədri Rəvan Mehdiyeva çıxış edərək İnstitutda Qadınlar Şurasının təşkili təşəbbüsünü yüksək dəyərləndirmiş və təşəbbüsü dəstəklədiyini bildirmişdir.

Sonda qadın həmkarkarının uğurlarından, gələcək fəaliyyətində də qadınlara hərtərəfli dəstək və yüksək etimad göstərəcəyini qeyd edən Rəvan Mehdiyeva İnstitut kollektivinə təşəkkür etmiş, eləcə də İnstitutun Qadınlar Şurasına gələcək fəaliyyətində uğurlar arzulamışdır.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.