RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.02.2019]

İnstitutda Xocalı soyqırımının 27-ci ildönümü anılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildirib. Qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 366-cı motoatıcı alayın dəstəyi ilə 7 min nəfər əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. O.Səmədov bildirib ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər isə əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, ümumilikdə 8 ailə tamamilə məhv edilib. Soyqırımı nəticəsində 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 Xocalı sakini girov götürülüb ki, onlardan 150 nəfərin taleyi bu gün də məlum deyil.

O. Səmədov sonra 1 mart 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı faciəsi ilə bağlı xüsusi Fərmanın imzalandığını, Milli Məclisin qərarı ilə 26 fevralın "Xocalı soyqırımı və milli matəm günü" elan olunduğunu diqqətə çatdırıb, həmçinin Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi tədbirlərdən, eləcə də “Xocalıya ədalət!” kampaniyasının önəmindən danışıb.

Daha sonra çıxış edən natiqlər xalqımızın Xocalıda xüsusi qəddarlıqla qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsinin daima əziz tutduğunu və onların ehtiramla yad edildiyini qeyd ediblər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.