RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.04.2019]

İnstitut Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov əvvəlcə iclas iştirakçılarını Gündəlikdəki məsələlərlə tanış edib. Sonra Gündəlikdə yer alan “2019-cu ildə AMEA RPİ üzrə elmi işçilərin attestasiyasının keçirilməsi üçün Attestasiya Komissiyasının təşkili və tərkibi haqqında” məsələyə baxılıb. Təklif və müzakirələrdən sonra İnstitutda Attestasiya Komissiyası təşkil olunub və açıq səsvermə yolu ilə Komissiyanın 7 nəfərdən ibarət tərkibi təsdiq edilib.

Daha sonra kadr məsələlərinə baxılıb. AMEA RPİ-nin “Polimerlərin və elektroaktiv kompozit materialların radiasiya fizikası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Məzahir Bayramovun dosent elmi adı almaq üçün müraciəti, “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının əməkdaşı, fizika – riyaziyyat elmləri namizədi Məhəmməd Bayramovun böyük elmi işçi vəzifəsinə keçirilməsi haqqında laboratoriya rəhbəri, kimya elmləri doktoru, professor Müslüm Qurbanovun təqdimatı, həmçinin “Enerjitutumlu radiasiya prosesləri” laboratoriyasının əməkdaşı, kimya elmləri namizədi Telman Süleymanovun aparıcı elmi işçi vəzifəsinə keçirilməsi haqqında laboratoriya rəhbəri, kimya elmləri namizədi, dosent Hökmən Mahmudovun təqdimatı müzakirə edilib.

Sonda RPİ-nin “Radiasiya tədqiqatları” jurnalının çapa hazırlanan yeni sayı və çapa təqdim olunmuş məqalələr haqqında fikir mübadiləsi aparılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.