RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[17.01.2020]

İnstitutda 20 Yanvar hadisəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşüb. O.Səmədov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib və dinc əhaliyə divan tutulub. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın digər rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz həbs olunub.

Sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva 20 Yanvar faciəsinin Azərbaycan tarixində vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti olduğunu bildirib. Qeyd edib ki, bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib.

R.Mehdiyeva çıxışının sonunda ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələni yenidən gündəmə gətirdiyini, 20 Yanvar hadisələrinin lazımınca qiymətləndirilməsi yolunda mühüm addımların atıldığını diqqətə çatdırıb. Qeyd edib ki, məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar "Ümumxalq hüzn günü" elan olunub.

Tədbirdə həmçinin İnstitutun digər əməkdaşları da bu ağrılı hadisəyə öz münasibətlərini bildirib.

Tədbirin sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.