RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.11.2020]

İnstitutun alimi onlayn beynəlxalq konfransda məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova Almaniyanın Rostok şəhərində keçirilən online beynəlxalq konfransda məruzə ilə çıxış edib.

“Texniki termodinamika: termofiziki xassələr və enerji sistemləri” adlı IX Rostok Beynəlxalq Konfransında “CdFeTe yarımmaqnit yarımkeçiricilərinin dielektrik xassələri” mövzusunda məruzə ilə çıxış edən alim Cd1-xFexTe yarımmaqnit yarımkeçiricilərinin alınması, kristal quruluşunun öyrənilməsi və dielektrik nüfuzluğu və keçiriciliyinin tədqiqi üzrə alınmış nəticələr haqqında məlumat verib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən konfransda Azərbaycan, Əlcəzair, Kanada, Fransa, Almaniya, Hindistan, Polşa, Rusiya Federasiyası, Slovakiya, Türkiyə, İngiltərə, Ukrayna və ABŞ-dan ümumilikdə 220-dən çox alim iştirak edib. Həmçinin, konfransda elmi nəticələr təqdim edilib, çoxsaylı mühazirələrdə həm materialların parametrlərinin ölçülməsi, modelləşməsi, həm də bərpaolunan enerji texnologiyasında tətbiqi ilə bağlı yeni tədqiqatlar nəzərdən keçirilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.