RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.11.2020]

Müzəffər ordumuzun Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunan tədbir keçirilib

21.02.2020

AMEA-nın Radiasiya Problemləri İns­ti­tu­tunda müzəffər Azərbaycan ordusunun Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunan tədbir keçirilib.

Vətən müharibəsində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edidikdən sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov qeyd edib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun sent­yab­rın 27-dən başlayan əks hücum əməliyyatı 44 gün ərzində 30 ilin həsrətinə son qoyub, haqq savaşımız bizim böyük zəfərimizlə başa çatıb və işğal altında qalan torpaqlarımız əsl sa­hibinə qayıdıb. Bildirib ki, Ermənistanın Azərbaycan qarşısında kapi­tul­ya­si­ya­sı­nı elan etmək məcburiyyətində qalması 10 noyabr tarixində uğurlu Bəyannamənin im­za­lan­ması ilə nəticələnib və bu tarix istər ölkə və­tən­daş­ları, istərsə də xaricdə yaşayan soydaşlarımız tərə­fin­dən böyük sevinclə qarşılanıb, möhtəşəm qələbə günü böyük sevinc və fəxarətlə qeyd olunub.

Onun sözlərinə görə, 44 gün davam edən hərbi əməliyyatlar çər­çi­və­sində Azər­bay­can ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları dar­ma­da­ğın edib, Şuşa şəhərini, Cəbra­yıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük his­səsini, Laçın ra­yonunun bir sıra kəndlərini işğaldan qurtarıb. Bu müddət ərzində ümu­mi­likdə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edilib.

10 noyabr Bəyannaməsini Azərbaycanın həm hərbi, həm də siyasi qələbəsi kimi qiy­­­mətləndirən Oqtay Səmədov vurğulayıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı yağı düş­məndən azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin daha bir nü­ma­yi­şi olub.

Daha sonra çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva sentyabrın 27-dən etibarən Azərbaycan xalqının tarixində olmadığı dərəcədə böyük birlik və həmrəylik nümayiş etdirdiyini vurğulayıb. Müəssisə əməkdaşlarından iki nəfərin könüllü şəkildə ön cəbhədə düşmənlə üz-üzə mübarizə apardığını xatırladan direktor müavini qeyd edib ki, bu 44 gündə hamı bir nəfər kimi öz mövqeyində əsgər oldu və müzəffər Ali Baş Komandanın hər müraciətini birmənalı qəbul edərək Prezidentinin ətrafında dəmir yumruğa çevrildi. Cənab Prezidentin dediyi kimi, “Xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək. Qarabağ əsl cənnət məkanına çevriləcək”.

Daha sonra çıxış edənlər Azərbaycanın şanlı ordusunun qazandığı bu qələbə mü­na­si­bəti ilə təbriklərini bölüşüb, həmçinin torpaqlarımızın azadlığı uğrunda şücaət gös­tə­rən bütün əsgər və zabitlərimizə uğurlar arzulayır, yaralanmış hərbçilərimizə şəfa, vətən uğ­runda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyiblər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.