RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.08.2013]

Almaniyanın “Helmholts Centrum” elmi mərkəzinə ezamiyyət

     AMEA Radiasiya Problemləri İnstitutunun Laboratoriya rəhbəri, kimya elmləri doktoru, professor İslam Mustafayev avqustun 19-24 tarixlərində Almaniyanın “Helmholts Centrum” Elm mərkəzində ezamiyyətdə olmuşdur. Almaniyanın Münhen şəhərində yerləşən “Helmholts Centrum” Elm mərkəzi Ətraf mühitin vəziyyəti və insan saglamlığı arasında əlaqələrin tədqiqi sahəsində dünyada ən qabaqcıl elm mərkəzlərindən biridir. Bu mərkəzdə ətraf mühitin radioloji vəziyyətinin, habelə atmosferin, suyun və torpağın çirklənməsinin insan sağlamlığına təsirinə aid çoxlu sayda fundamental və praktik təmayüllü nəticələr əldə olunmuşdur. Mərkəzdə 1700-ə qədər əməkdaş fəaliyyət göstərir. Hazırda mərkəzin ekoloji kimya institutunda ətraf mühitdə aerozolların, neft və onun yanma məhsullarının, üzvi tozların və digər çirkləndiricilərin yayılmasının tədqiqi üçün yüksək həssaslığa və ayırdetmə qabiliyyətinə malik analitik metodların yaradılması və praktikada tətbiqinə aid geniş tədqiqatlar aparılır. 2009-cu ildən etibarən Radiasiya Problemləri İnstitutu ilə Ekoloji Kimya İnstitutu arasında neft karbohidrogenlərinin ətraf mühitdə deqradasiyasının tədqiqi sahəsində sıx əməkdaşlıq yaradılmışdır. Dəfələrlə “Helmholts Centrum”un əməkdaşları Radiasiya Problemləri İnstitutunda olmuş, İnstitutun təşkil etdiyi Konfranslarda iştirak etmişlər. Azərbaycan Respublikası Prezidenti yanında Elmin inkişafı Fondunun maliyyələşdirdiyi “BTC neft kəməri boyunca tullantı mənbələrinin inventarlaşdırılması və ətraf mühitin monitorinqi” Layihəsində ətraf mühitdə neft və neft məhsullarının yayılmasının tədqiqi sahəsində “Helmholts Centrum” ilə əməkdaşlığın inkişafı nəzərdə tutulmuşdur. 2012-ci ildə Layihə üzrə yaradıcı qrupun gənc əməkdaşı R.Rzayev, bu il isə qrupun rəhbəri İslam Mustafayev mərkəzdə ezamiyyətdə olmuşlar. Layihə çərçivəsində alınmış nəticələr müzakirə olunmuş, tədqiqatlarda daha mükəmməl analitik metodların tətbiqi imkanları və bu sahədə gələcək əməkdaşlıq planları müzakirə olunmuşdur. Yaxın illərdə neftin torpaq və su mühitində deqradasiyasının məhsullarının analizi və deqradasiyaya uğramış neftin ətraf mühitdən təmizlənməsi sahəsində birgə elmi tədqiqatların aparılması planlaşdırılmışdır.