RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.09.2013]

KİMYƏVİ ÇİRKLƏNMƏLƏRƏ DAİR REGİONAL TƏDBİR

     Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, kimya elmləri doktoru, professor İslam Mustafayev sentyabrın 23-26 tarixlərində Makedoniyanın Skopiya şəhərində BMT-nin Ətraf Mühit Proqramı tərəfindən təşkil olunmuş "Kimyəvi Maddələrin Beynəlxalq Səviyyədə İdarə Olunmasına Strateji Yanaşma" (SAİCM) adlı Regional Görüşdə iştirak etmişdir. Tədbirdə Mərkəzi və Şərqi Avropanın 20-dən çox ölkəsindən 60-a qədər hökumət nümayəndələri, alim və ekspertlər iştirak etmişdir. Kimyəvi maddələrin idarə olunması sahəsində zəngin təcrübəyə malik olan Danimarka, İsveç və İsveçrənin, habelə Beynəlxalq təşkilatların nümayəndələri də təcrübə və informasiya mübadiləsi üçün tədbirə dəvət olunmuşdular. Görüşdə Mərkəzi və Şərqi Avropa ölkələrində Kimyəvi maddələrin istehsalı, nəqli, istifadəsi və onların tullantılarının idarə olunması üzrə həyata keçirilən tədbirlər, Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi səviyyəsi geniş müzakirə olunmuşdur. Kimyəvi çirkləndiricilərin ətraf mühitə və insan sağlamlığına təsirinin azaldılması problemləri diqqət mərkəzində olmuşdur.
     İ. Mustafayev tədbir iştirakçılarına Azərbaycanda kimyəvi maddələrin darə olunması sahəsində yaradılmış potensial və həyata keçirilmiş tədbirlər barədə məlumat vermiş, bu sahədə beynəlxalq və regional Layihələrin həyata keçirilməsinin vacibliyini iştirakçıların nəzərinə çatdırmışdır.
     Tədbirdə SAİCM təşkilatının Qrantları əsasında həyata keçirilmiş Layihələrin təqdimatı olmuş və səsvermə yolu ilə ən yaxşı Layihələrin müəllifləri mükafatlara layiq görülmüşlər.