RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.06.2021]

Professor İslam Mustafayev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsidir

22.06.2021İyunun 15-də Şuşada Azərbaycan və Türkiyə respublikaları arasında imzalanan Şuşa Bəyannaməsi türk dünyasının 2 dahi liderinin vəsiyyətlərinin ardıcıl və davamlı olaraq yerinə yetirilməsinə əbədi yol açdı. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri bu Bəyannamə ilə öz tarixi təsdiqini tapdı. Şuşa Bəyannaməsi hər 2 ölkə tərəfindən ardıcıl olaraq yüksək səviyyədə həyata keçirilən, dostluq, qardaşlıq, həmrəylik, tərəfdaşlıq prinsipləri Azərbaycanın və Türkiyənin inkişafının demək olar ki, bütün sahələrini əhatə edir. Dünyanın super dövlətlərinin diqqət mərkəzində olan regionun mühüm problemlərini əhatə edən bu Bəyannamə həm regionun bütövlükdə inkişafına və təhlükəsizliyinə yol açır, həm də Azərbaycanın və Türkiyənin suverenliyini, bölgədə olan liderliyini təmin edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor İslam Mustafayev bildirib. Alim vurğulayıb ki, Bəyannamənin imzalanmasının yeri və tarixi onun siyasi və ictimai gücünü daha da artırır, daha da möhtəşəm edir. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə əlamətdar olan Milli Qurtuluş Günü ərəfəsində və həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük müharibə nəticəsində işğaldan azad olunan Şuşada imzalanması onun təsir dairəsini daha da genişləndirir, Azərbaycan-Türkiyə qardaşlığını əbədi və yenilməz edir.

“Bu Bəyannamənin müddəaları ölkəmizin hər bir vətəndaşının qarşısına müəyyən öhdəliklər qoyur. Bu baxımdan Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyətinin qarşısında da mühüm vəzifələr durur. Hələ Bəyannamə imzalanmamışdan öncə universitet kollektivi işğaldan azad olmuş ərazilərdə və Zəngəzur dəhlizində bərpa və dinc-quruculuq işlərinin aparılması layihəsinin işlənilməsi, memarlıq və tarixi-mədəni obyektlərin bərpası, bərpa olunan enerjinin istifadəsi ilə “ağıllı kənd”lərin inşası, su resurslarının idarə olunması, nəqliyyat-kommunikasiya sistemlərinin yaradılması, hipertəhlükəsizliyin təmin olunması, fövqəladə hal risklərinin idarə olunması, sosial-iqtisadi inkişaf konsepsiyasının yaradılması və s. bu kimi problemlərin həllində fəaliyyət göstərməyə başlayıb. Bu mövzulara həsr olunmuş konfranslar keçirilib, universitetin əməkdaşları işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş ekspedisiyalarda iştirak ediblər. Bəyannamənin artıq imzalandığı bu günlərdə, şübhəsiz ki, həm professor-müəllim heyəti, həm də məzunlar bu sahədə öz fəaliyyətlərini artıracaqlar”, - deyə kafedra müdiri fikrini yekunlaşdırıb.

© azertag.az