RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[07.05.2021]

Azərbaycanda LIDAR sistemlərinin tətbiqi perspektivləri müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında “Azərbaycanda LİDAR sistemlərinin tətbiqi perspektivləri” mövzusunda elmi məruzə dinlənilib.

Məruzəni təqdim edən Azərbaycan Milli Aviasiya Akademiyasının (MAA) baş elmi işçisi, Avropa Elmlər Akademiyasının həqiqi üzvü, professor Kərim Allahverdiyev diqqətə çatdırıb ki, MAA-nın rektoru, akademik Arif Paşayevin rəhbərliyi ilə aparılan bu tədqiqatlar istər elmi-nəzəri və tətbiqi, istərsə də strateji cəhətdən mühüm əhəmiyyətə malikdir. Belə ki, geniş diapazonda atmosfer aerozollarının parametrlərinin təyini üçün nəzərdə tutulan LİDAR qurğusunun hazırlanması və Azərbaycan ərazisində istifadə edilməsi özündə böyük perspektivlər ehtiva edir. Atmosfer aerozollarının planetin radiasiya balansına və dolayısı ilə iqlim dəyişikliyinə təsirinin öyrənilməsində LİDAR qurğusundan istifadə tələb olunan dəqiqliyə cavab verir və Azərbaycan ərazisində belə bir sistemin qurulması olduqca vacibdir.

Kərim Allahverdiyev qeyd edib ki, son illər MAA-da LİDAR sistemlərinin yaradılması və onların elmi-nəzəri əsaslarının öyrənilməsi istiqamətində bir sıra mühüm nailiyyətlər əldə olunub. SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən elmi proqram çərçivəsində son 5 ildə aparılmış tədqiqatların nəticələri Web of Science elmi bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda 20-dən artıq elmi məqalə şəklində çap edilib, həmin əsərlərə 400-ə yaxın istinad olunub.

Ümumiyyətlə, LİDAR lazer zərbələrinə əsaslanaraq müəyyən obyektin yerləşmə məsafəsini, sürətini, formasını, kimyəvi quruluşunu müəyyən edən “aktiv” texnologiya kimi dəyərləndirilir.

LİDAR sistemlərinin tətbiqi sahələrindən söz açan məruzəçi vurğulayıb ki, onlardan nəinki kosmik tədqiqatlarda, həmçinin atmosfer, ətraf mühit sahələrində aparılan araşdırmalarda, müdafiə sənayesində, hərbi sənayedə geniş istifadə oluna bilər.

K.Allahverdiyev Azərbaycanda hazırlanmış LİDAR sisteminin xüsusiyyətləri, əldə edilmiş ilkin nəticələr haqqında da tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, sistemin əsas məqsədi dəniz suyunun səthində olan neftli ləkələri və neft buruqlarının ətrafındamüşahidə olunan tullantılarımüəyyən etmək və öyrənmək olub. Məruzəçi, həmçininPirallahı adası ərazisində LİDAR sistemini tətbiq etməklə apardıqları tədqiqatların nəticələrindən danışıb.

Onlayn iclasın iştirakçılarına LİDAR sistemlərinin avtomobil, hava, eləcə də dəniz nəqliyyatı sahəsində tətbiq edilməsinin perspektivləri haqqında da məlumat verilib. Qeyd olunub ki, hazırda tədqiq edilən layihə aktual problemə – atmosferin məsafədən monitorinqi və müasir texniki qurğunun avtomatlaşdırılmış lazer-lokator qurğusunun hazırlanmasına həsr edilib. Layihədə təklif olunan LİDAR bu regionda maraqlı olan ölkələrin (Azərbaycan, Rusiya, İran, Türkmənistan, Qazaxıstan) cəlb olunması ilə Xəzər Regionunun Aerozol Monitorinqi üzrə LİDAR-lar Şəbəkəsi üçün baza rolunu oynaya bilər. Bu baxımdan, Azərbaycan Respublikası qeyd olunan istiqamət üzrə regionda elmtutumlu innovativ təşəbbüsün əsas müəllifi kimi çıxış edəcək potensiala malikdir.

Kərim Allahverdiyevin fikrincə, Azərbaycanda LİDAR sistemləri aviasiya, geologiya, tibb, informasiya texnologiyaları, nəqliyyat sahələrində, ərazilərin minalardan təmizlənməsində, seysmoloji tədqiqatlarda, sənayenin müxtəlif sahələrində istifadə oluna bilər.

Məruzəçi, həmçinin türkiyəli, amerikalı, rusiyalı həmkarları ilə mövcud olan beynəlxalq əməkdaşlığın gələcək perspektivlərindən də danışıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, akademik Rasim Əliquliyev qeyd edib ki,ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında cəmiyyətin bütün sferalarında yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi və innovativ fəaliyyətin təşkili dayanır. Alim vurğulayıb ki, həyatın istənilən sahəsində qabaqcıl elmin tətbiqi, milli intellektual məhsulların formalaşması, daxili bazarın öz iqtisadi təhlükəsizliyini qoruyub saxlaması və xaricdən asılılığın azalması, qlobal dünyaya inteqrasiya, eyni zamanda inkişaf etmiş ölkələrlə müxtəlif sferalarda səmərəli əməkdaşlıqların təşkili Azərbaycanın regionda lider dövlətə çevrilməsinə rəvac verir. “Elm, innovasiya və yüksək texnologiyalar sahəsində aparılan məqsədyönlü siyasət, kosmik sənayenin formalaşdırılması, nüvə, nano və biotexnologiyaların tətbiqi üzrə aparılan tədqiqatlar Azərbaycanın yüksələn xətlə inkişafını şərtləndirən amillərdəndir”, – deyə alim bildirib.

Azərbaycanda LİDAR sistemlərinin tətbiqi perspektivlərinin araşdırılmasının stateji əhəmiyyətini qeyd edən AMEA-nın vitse-prezidenti onu da əlavə edib ki, müstəqil Azərbaycan dövlətinin təcavüzkar Ermənistan üzərində qələbəsi və tarixi torpaqlarımızın azad olunmasında qabaqcıl elmin, yüksək texnologiyaların mühüm rolu olmuşdur.

Akademik R.Əliquliyevin fikrincə, Azərbaycanda LİDAR sistemlərinin tətbiqi perspektivləri fizika, kompüter elmləri, idarəetmə sistemləri sahəsində tədqiqatlar aparan mütəxəssislərin qarşısında multidissiplinar vəzifələr qoyur.

Məruzə ətrafında aparılan müzakirələrdə akademiklər AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri Rasim Əliquliyev, Əli Abbasov, Nazim Məmmədov, Arif Həşimov, Adil Qəribov, AMEA-nın müxbir üzvləri Qurban Yetirmişli, Afiq Həsənov, Ramiz Alıquliyev, Vəli Hüseynov, Oktay Qasımov, AZAL QSC-nin xidmət rəisi, texnika elmləri doktoru Nazim Hüseynov, Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri, geologiya-minerologiya elmləri doktoru, dosent Ramidə Kərəmova çıxış edərək LİDAR sistemlərinin mühüm elmtutumli praktiki əhəmiyyətini yüksək dəyərləndiriblər, həmçinin rəy və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda FRTEB-in Ümumi yığıncağı son illərdə MAA-da LİDAR sistemlərinin araşdırılması sahəsində aparılmış tədqiqatların tətbiqi nəticələrinin bəyənilməsi, ölkəmizdə belə sistemlərin tətbiqinin genişləndirilməsi, eləcədə “Çoxdalğalı LİDAR kompleksi” layihəsinin dəstəklənməsi və müzakirəsi üçün AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

© www.frteb.science.gov.az