RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.03.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə RPİ və Kənd Təsərrüfatı Nazirliyinin Gəncə şəhərində yerləşən “Bitki Mühafizə və Texniki Bitkilər” Elmi Tədqiqat İnstitutu (BMTB ETİ) arasında imzalanmış və 2021-2024-cü illəri əhatə edən texniki əməkdaşlıq müqaviləsinə əsasən aparılan birgə elmi tədqiqat işlərinin nəticələri haqqındakı məsələyə baxılıb.

AMEA-nın müxbir üzvü İslam Mustafayev ilk olaraq qonaqları salamlayıb və sözügedən əməkdaşlığın artıq öz bəhrələrini verdiyini, eləcə də bu kimi əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.

Sonra çıxış edən BMTB ETİ-nin “Texniki bitkilərin seleksiyası” şöbəsinin müdiri, aqrar elmlər üzrə elmlər doktoru Ələddin Tağıyev və qurumun elmi işçisi İntizar Zeynalova səmimi qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər və Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

“Qamma şüasının pambıq toxumuna təsiri ilə mutant formasının yaradılması” mövzusunda aparılmış birgə tədqiqat işinə dair məruzə ilə çıxış edən qonaqlar sözügedən bitkinin məhsuldarlığının və quraqlığa, torpağın şoranlaşmasına dayanıqlığının artırılması, həmçinin yeni sortların əldə edilməsi üzrə tədqiqatların nəticələri haqqında məlumat veriblər.

Məruzə qənaətbəxş hesab olunub, iclas iştirakçılarının sualları cavablandırılıb.

Elmi Şuranın iclasında daha sonra 2022-ci ildə RPİ üzrə keçirilməsi nəzərdə tutulan “Radiasiya texnologiyaları və radiasiya təhlükəsizliyi” adlı Beynəlxalq konfrans haqqındakı məsələ ətrafında müzakirə aparılıb.

İclasın sonunda “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının əməkdaşı, fizika üzrə fəlsəfə doktoru, Günel İmanovaya dosent elmi adı verilməsi üçün gizli səsvermə keçirilib, eləcə də RPİ-nin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışan əməkdaşı Nicat Mirzəyevin ezamiyyət müddətinin növbəti 3 ilə qədər artırılması məsələsinə baxılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.