RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.03.2022]

İnstitutda “27 mart – Elm Günü”nə həsr olunmuş görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) “27 mart – Elm Günü”nə həsr olunmuş açıq qapı günləri çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) son kurs tələbələrilə görüş keçirilib.

Görüşdə AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Təcrübə və Karyera şöbəsinin müdiri Xanlar Qəniyev, Universitetin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri, müəllimləri, həmçinin RPİ-nin laboratoriya və şöbə rəhbərləri iştirak ediblər.

Görüşdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qonaqları və tələbələri salamlayıb, həmçinin Radiasiya Problemləri İnstitutunun tarixi və fəaliyyət istiqamətləri, tədqiqatlar üçün yaradılmış şərait və əldə edilmiş nailiyyətlər haqqında məlumat verib.

Sonra çıxış edən AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov “Elm Günü”nün təsis edilməsi və bu günün əhəmiyyətindən, eləcə də elmi nailiyyətlərin təbliğindən danışıb, gələcəyin alimləri olacaq tələbələrə tövsiyyələrini bildirib.

Daha sonra çıxış edən AMİU-nun Təcrübə və Karyera şöbəsinin müdiri Xanlar Qəniyev tələbələr üçün İnstitutda yaradılan şərait və istehsalat təcrübəsi müddətində qayğıkeş münasibətə görə İnstitut rəhbərliyinə təşəkkür edib. X.Qəniyev bildirib ki, gələcək elmi inkişaf məhz bugünkü tələbələrin çiyinlərindədir və onlar yaradılmış şəraitdən maksimum yararlanmağa çalışmalıdırlar.

Görüşdə RPİ-nin icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, həmçinin İnstitutun laboratoriya rəhbərləri – fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov və kimya elmləri doktoru, professor Müslüm Qurbanov çıxış edərək ümumilikdə Milli Elmlər Akademiyasında tələbələr üçün yaradılmış şəraitdən danışıblar, tələbələrə gələcək elmi fəaliyyətləri ilə bağlı tövsiyyələr veriblər.

Daha sonra çıxış edən AMİU-nun “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müəllimləri – dosent Emil Qafarov və dosent Aytən Əhmədova Universitet və RPİ arasındakı əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıblar.

Sonda görüşdə iştirak edən qonaqlar və tələbələrin iştirakı ilə İnstitutun laboratoriyalarındakı cihazlar, qurğular və avadanlıqlarla əyani tanışlıq olub.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.