RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.02.2019]

AMEA-nın müxbir üzvü İslam Mustafayev beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Moldovanın Kişinyov şəhərində təşkil olunmuş Sub-Regional Seminarda iştirak edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf mühit Proqramı çərçivəsində “Ətraf mühit və Sağlamlıq” mövzusunda keçirilmiş və üç gün davam edən seminarda məruzə ilə çıxış edən İ.Mustafayev Azərbaycanda 2018-ci ildə beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən ekoloji layihələr və onların əsas nəticələri haqqında məlumat verib.

Sözügedən seminarda ümumilikdə müxtəlif sahələri təmsil edən nümayəndələrin 20-dən çox məruzələri dinlənilib, ölkələr üçün ətraf mühit və səhiyyə sahəsində gələcək fəaliyyətin prioritetləri müzakirə edilib, eləcə də həm ölkə daxilində, həm də ölkələrarası əməkdaşlığın yeni istiqamətləri üzrə fəaliyyətlər müəyyənləşdirilib.

BMT-nin Avropa İqtisadi Komisiyasının ekspertləri, Azərbaycan, Moldova və Gürcüstanın Ətraf mühit və Səhiyyə nazirliklərindən, habelə elm və təhsil sahəsindən 50-ə yaxın nümayəndənin iştirak etdiyi seminarın sonunda qarşıdakı illərdə ölkələr üzrə ətraf mühit və səhiyyə sahəsində fəaliyyətlərin əsas istiqamətləri və regional əməkdaşlıq haqqında planlar müzakirə olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.