RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.02.2019]

İnstitutda “Elm Günü”nə həsr olunmuş görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə 27 Mart “Bilik günü”nə həsr olunmuş görüş keçirilib.

27 Mart “Bilik günü” ilə bağlı Akademiyada keçiriləcək tədbirlər planına uyğun olaraq keçirilən görüşdə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov çıxış edərək elmin dövlətin inkişafında və cəmiyyətdə rolundan danışıb. Elmlə təhsilin inteqrasiyasına toxunan natiq qeyd edib ki, bizim qarşımızda duran mühüm məsələlərdən birinin də sağlam düşüncəli və yüksək elmi biliyə malik gələcək nəslin yetişdirilməsidir. Bu istiqamətdə uzun illərdir ki, Radiasiya Problemləri İnstitutunun yetişdirdiyi gənc alimlər hər il respublika və beynəlxalq miqyaslı yarışmalarda nailiyyətlər qazanıb və yüksək mükafatlara layiq görülüblər. O.Səmədov vurğulayıb ki, bu istiqamətdə xüsusilə institutun əməkdaşları olan fizika-riyaziyyat elmələr doktoru, professor Rövşən Xəlilov, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova, biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibova intensiv işlər aparırlar.

O.Səmədov bildirib ki, hər il olduğu kimi onların rəhbərliyi ilə lisey şagirdləri bu il də “Sabahın alimləri” VIII Respublika yarışmasının qalibləri olublar. Qeyd edilib ki, Bakı Avropa liseyinin 9-cu sinif şagirdi İsgəndər Yusifzadə “Dəmir əsaslı nanohissəcik sistemlərindən dərmanların ünvanlı çatdırılmasında istifadə” adlı layihəsinə görə tibb və sağlamlıq bölməsində 1-ci və Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar Liseyinin” 9-cu sinif şagirdləri Nicat Ömərli və Məryəm Bayramova “Epitaksial təbəqəli heterokeçid əsasında fotodetektor” adlı layihəyə görə fizika bölməsində 3-cü yerə layiq görülüblər.

Görüşdə həmçinin müxtəlif illərdə institutun əməkdaşları olan AMEA-nın müxbir üzvü, professor Oktay Səmədov, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov və fizika-riyaziyyat elmləri doktoru, professor Adil Abdullayevin rəhbərliyi ilə şagirdlərin apardıqları elmi tədqiqat işlərinin də mükafatlara layiq görüldüyü bildirilib.

Daha sonra fizika-riyaziyyat elmələri doktoru, professor Rövşən Xəlilov, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova və biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibova çıxış edərək bu cür yarışmaların əhəmiyyətindən, gənclərə verdiyi stimul və bu istiqamətdə İnstitutda yaradılan şəraitdən danışıblar. Qeyd edilib ki, elmi yenilik, innovasiya, tətbiq imkanları və müasirliyi ilə seçilən bu cür elmi tədqiqat işləri yetişməkdə olan gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyətə malikdir.

Sonra şagirdlərin təqdimatları dinlənilib, müzakirələr aparılıb və “sabahın alimləri” onlara verilən sualları cavablandırıblar.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.